tamiz-shahar-asc-beynalxalq-konfrans.jpg
15 noyabr 2013

Bakıda tullantıların idarəolunması sahəsində uşaqların ikinci beynəlxalq konfransı keçirilir

Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqların ikinci beynəlxalq konfransı öz işinə başlayıb.

 

Qeyd edək ki, 15 noyabr - Tullantıların Çeşidlənməsi Günüdür.

 

Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistandan ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdlər iştirak edirlər.

 

Üç gün davam edəcək konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, onlara tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrədilməsi, eləcə də məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət mövzularında müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılmasıdır. Müxtəlif ölkələrin məktəbliləri arasında tullantıların idarəolunması sahəsində bilik mübadiləsinin aparılması da konfransın əsas hədəflərindəndir.

 

Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunur. Konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilir. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilir.

 

Noyabrın 16-da məktəblilərin Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaları üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına ekskursiya təşkil ediləcək.

 

Konfransın keçirilməsinə “EkoSfera” İctimai Birliyi tərəfindən təşkilati dəstək göstərilir.

 

Xatırladaq ki, tullantıların idarəolunması sahəsində uşaqların birinci beynəlxalq konfransı 2012-ci il noyabrın 15-16-da Qala qəsəbəsində keçirilmişdi.