Daş salnamə muzeyi

  • Layihə
  • Foto


Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb.

 

2015-ci il iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

 

Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir.

 

Muzeydə daş plastikanın bir çox növləri sərgilənir.

 

Ekspozisiyaya “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Heykəltəraş bu sərgidə “Arteriya” adlandırdığı səpkidə bir tarixi təqdim edir.

 

Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.

 

Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

 

Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə bilərlər.



01.jpg
02.jpg
0004.jpg
006.jpg
007.jpg