22 sentyabr 2016

Bolqarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı

Sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib:

 

- Hörmətli mer, əziz qonaqlar, əziz dostlar.

 

Çox şadam ki, sizin gözəl ölkənizdə, qədim Veliko Tırnovo şəhərindəyəm. İcazə verin, səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirim.

 

Bizim görüşümüz əlamətdar bir gündə - Bolqarıstanın Müstəqillik günündə keçir. Bu bayram münasibətilə bütün bolqar xalqını ürəkdən təbrik edir, sülh və firavanlıq diləyirəm. Mən, eyni zamanda, sizi “Trapezitsa” Memarlıq Muzey Qoruğunun bərpadan sonra açılışı münasibətilə təbrik edirəm. Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və əvvələn özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Buna görə bir daha demək istəyirəm ki, dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə biz də, fondumuz da çox qürur duyuruq.

 

Əziz dostlar, bizim ölkəmiz Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir. Təbii ki, minilliklərlə ölçülən tarix onun mədəni müxtəlifliyində çox böyük rol oynayıb, iz qoyub. Minilliklər boyu bizim ölkəmizin ərazisində müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar yaşayıb və həmişə sülh və dostluq şəraitində yaşayıb.

 

Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb. Bu gün biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq.

 

Heydər Əliyev Fondu məhz dünyanın mədəni müxtəlifliyi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə Azərbaycanda deyil, bütün dünyada mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirir. Fondun dəstəyi ilə Versal sarayındakı heykəllər bərpa olunub. Biz Strasburq kilsəsinin bərpasında iştirak etmişik. Romadakı Kapitoliya muzeyində “Filosoflar zalı” bərpa edilib. Biz Vatikan muzeylərindəki nadir əlyazmaları bərpa edirik. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, ən qiymətli xristian relikviyalarından birinin – Vatikandakı Müqəddəs Marçellinio və Pyetro katakombalarının bərpası üzrə böyük bir layihəni həyata keçirib.

 

Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır. Mən çox şadam ki, layihələrimizdən biri bizə dost ölkədə - Bolqarıstanda həyata keçirilib. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı hörmətə, qarşılıqlı marağa əsaslanan çox möhkəm əlaqələr var. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin bütün səviyyələrdə inkişafı prosesi gedir. Əminəm ki, bizim bugünkü layihə də Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.

 

Əziz dostlar, sonda bizə kömək edənlərin, bu layihənin həyata keçirilməsinə aidiyyəti olanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə təşəkkür etmək istəyirəm ki, bu gün bizimlə bərabər rəsmi mərasimdə iştirak edirsiniz və bərpa dövründə bütün prosesə daim nəzarət etmisiniz. Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovanı xüsusi qeyd etmək, ona təşəkkürümü bildirmək istərdim. Ölkələrimiz arasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür. Bu layihəni qısa müddət ərzində həyata keçirmiş tikinti şirkətlərinə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, əməkdaşlıq haqqında saziş keçən il may ayında imzalanıb və artıq bu gün biz bərpa olunmuş qoruğu açırıq.

 

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizi milli bayramınız münasibətilə təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevgi arzulayıram. Çox sağ olun.

Xəbərə keçid



Paylaş: