14 noyabr 2016

Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılış mərasimi

Noyabrın 14-də Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılış mərasimi olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib:

 

- Moskvada – çox səmimi və işıqlı xatirələrlə bağlı olduğum bir şəhərdə yenidən olmağıma çox şadam. Bu il 160 illiyini qeyd edən və Rusiyanın mədəni irsinin qorunub saxlanması kimi nəcib bir işə uzun illər xidmət göstərən Dövlət Tretyakov Qalereyasında olmaq mənim üçün ikiqat xoşdur. Fürsətdən istifadə edərək muzeyin bütün əməkdaşlarını bu tarixi yubiley münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

 

Bu gün biz “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini açırıq. Bu ekspozisiya Dövlət Tretyakov Qalereyasının, Heydər Əliyev Fondunun və “Mərcani” Fondunun birgə səyləri ilə reallaşıb. Fürsətdən istifadə edərək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə, sərginin kuratorlarına və bu layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

 

Hörmətli Zelfira İsmayılovna, bu layihənin həyata keçməsinə hərtərəfli köməyinizə və dəstəyinizə görə sizə xüsusilə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Bütün qonaqlarımızı salamlamaq və bu gün axşam bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istəyirəm.

 

Sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər. Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Onlar bütün Sovet İttifaqında məşhur idilər. Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Cavad Mircavadov, Rasim Babayev və bir çox başqaları kimi böyük ustadların yaradıcılığının çiçəklənmə illəri məhz həmin dövrə təsadüf edir. Bu ekspozisiyada o dövrün, həmin nəslin çox parlaq, böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur.

 

Əziz dostlar, bu sərginin hazırlanması bir ildən çox davam edib və sizin diqqətinizə Azərbaycan təsviri incəsənət məktəbini təmsil edən ən görkəmli, ən parlaq rəssamların işləri təqdim olunub. Bu işlər öz dövrünün meyillərini, habelə Sovet İttifaqının ən aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətlərini əks etdirir. Burada təmsil olunan hər bir rəssam təkrarsız fərdiyyət, nadir taledir. Onların hamısı novatorlar, Azərbaycan rəngkarlığında, Azərbaycan heykəltəraşlığında bütöv istiqamətlərin yaradıcıları olub və indi də belədir. Onların hər birinin öz dəst-xətti, öz xarakteri var. Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Şübhəsiz, bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız.

 

Bugünkü sərginin daha bir xüsusiyyəti möhtərəm Zelfira İsmayılovnanın bu yaxınlarda “Baku” jurnalına verdiyi müsahibədə tamamilə haqlı olaraq sərhədlərin yuyulması adlandırdığı cəhətdir. Həqiqətən, biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır.

 

Əziz dostlar, Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı bu cür sərgi ilk dəfə keçirilir. Mənim üçün tamamilə təbiidir ki, bu sərgi məhz Moskvada, Rusiya Federasiyasının paytaxtında keçirilir. Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bu dostluq münasibətlərinin səciyyəvi cəhəti qarşılıqlı anlaşma, sıx əməkdaşlıqdır. Bizim ölkələrimizi, xalqlarımızı, ümumi tarixi keçmişlə yanaşı, bu gün çoxlu ümumi meyillər, istiqamətlər birləşdirir. Biz bunu mədəni məkanda xüsusilə müşahidə edə bilərik. Əlbəttə, bu, hər şeydən əvvəl böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin siz də bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında rus dilində təhsilin tam həcmdə qorunub saxlandığı az sayda ölkələrdən biridir. Bizim ölkəmizdə təhsilin tamamilə rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Keçən ildən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz ümumi elmi, mədəni məkanı qoruyub saxlaya bilmişik. Şübhəsiz, bu da öz növbəsində ona təsir göstərir ki, həm dövlətlərarası səviyyədə, həm də ölkələrimizin sadə insanları, vətəndaşları arasında daha səmimi əlaqələr yaranır.

 

Əziz dostlar, incəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Məhz bu ümumbəşəri, əbədi dəyərlər bizim, təəssüf ki, bəzən mürəkkəb, proqnozlaşdırıla bilməyən, münaqişələr, qarşıdurmalar və anlaşılmazlıqlarla dolu dünyamızda şəksiz oriyentirdir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda bu ekspozisiyanın reallaşması üçün zəhmət çəkmiş hər kəsə bir daha təşəkkür etmək, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm ki, bu axşam siz bizimləsiniz və sizin hamınızı Azərbaycana səfərə dəvət etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

Xəbərə keçid