15203371283148350662_1000x669.jpg
6 mart 2018

Bakının Maştağa qəsəbəsində 9 saylı sanator tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanator tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

 

Məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanator tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanılıb. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

 

Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.


FOTO

VİDEO