25 sentyabr 2008

Bakıda Dünya gənclərinin IV məşğulluq sammiti işini davam etdirir

Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Dünya gənclərinin IV məşğulluq sammiti (YES) sentyabrın 25-də “Gülüstan” sarayında işini davam etdirmişdir.

 

Yüzdən çox ölkədən 600 nümayəndənin iştirak etdiyi Bakı sammitinin ikinci günü 2012-ci ilə qədər gənclər üçün 2 milyon yeni iş yerinin yaradılması, bu məqsədə nail olmaq üçün maraqlı dövlətlərdə xüsusi dövlət proqramlarının qəbul edilməsi, icrası və digər məsələlər müzakirə olunmuşdur.

 

Bildirilmişdir ki, bir çox ölkələrdə hələ də insanların gündəlik qazancı 1 ABŞ dollarından da aşağıdır. 90 milyondan çox uşaq və gənc təhsil ala bilmir, tibbi və digər sosial xidmətlərdən məhrumdur. Bəzi ölkələrdə kütləvi savadsızlıq bir çox xəstəliklərin, o cümlədən QİÇS-in geniş yayılmasına səbəb olmuşdur. Ona görə də ilk növbədə gənclərin təhsil problemlərinin həllinə, onların peşə ixtisaslarının artırılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarına bələd olmalarına, gənclərin sağlamlığının qorunmasına diqqət artırılmalıdır.

 

Çıxış edən natiqlər bildirmişlər ki, BMT-nin qəbul etdiyi xüsusi proqramda da növbəti illərdə gənclərin məşğulluğunun artırılmasına, bu yolla dünyada yoxsulluğun, heç olmasa, yarıya qədər azaldılmasına, uşaqların və gənclərin təhsilinə xüsusi diqqət yetirilməlidir. Gənclərin işsizlik problemini həll etmək üçün onların ekoloji, təhsil, səhiyyə və digər məsələlərin həllinə cəlb edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

 

Azərbaycan gənclərinin nümayəndələri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, bununla bağlı xüsusi dövlət proqramlarının qəbul edilməsi, gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində dövlət hesabına təhsil alması, informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırması, biznes imkanlarının genişləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, uşaq və gənclər parlamentləri, bunların məqsədi və gənclərin cəmiyyətə inteqrasiyasındakı rolu barədə ətraflı məlumat vermişlər.

 

Xarici ölkələrin gənclər, qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun təhsil və gənclərin problemlərinin həlli sahəsində gördüyü işləri yüksək qiymətləndirmiş, bunun digər ölkələr üçün nümunə ola biləcəyini söyləmişlər.

 

Günün ikinci yarısında sammit müxtəlif bölmə iclasları ilə davam etmişdir. İclaslarda dövlət idarəetməsində gənclərin iştirakı, biznes inkubatorlarının yaradılması, YES şəbəkəsinin genişləndirilməsi, texnologiyalar vasitəsilə gənclərin cəlb olunması, kiçik qrant proqramları və onların təsirinin qiymətləndirilməsi, investisiyaların təşviqi, birbaşa xarici sərmayələr və gənclərin məşğulluğu, yoxsulluğun aradan qaldırılmasında özəl sektorun rolu, gənclərin məşğulluğunun sosial aspektlərində beynəlxalq təşkilatların rolu və digər məsələlər müzakirə olunmuşdur.

 

Sammitin gedişində müzakirə olunan məsələlərlə bağlı bir sıra maraqlı təkliflər səslənmiş, bunlara baxılması və qərarların qəbul olunması üçün iştirakçı ölkələrin müvafiq dövlət qurumlarına göndərilməsi məqsədəuyğun hesab edilmişdir.

 

Sammit işini sentyabrın 26-da davam etdirəcəkdir.

 


Paylaş: