13 aprel 2014

Pakistanın Lahor şəhərində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib

Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki kimsəsiz uşaq evi – Ancuman Süleymaniya məktəbində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib.

 

Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə aksiyaların keçirildiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini söyləyib.

 

Səfir Fondun adından uşaqlara hədiyyələr verib, Heydər Əliyev Fondunun məktəbdə aparılan yenidənqurma işləri üçün ayırdığı maliyyə yardımını məktəb rəhbərliyinə təqdim edib.

 

Məktəbin vitse-prezidenti Rauf Xalid Mustafa Mehriban Əliyevaya Pakistanda həyata keçirilən humanitar tədbirlərə verdiyi dəstəyə görə minnətdarlıq edib.

 

Kimsəsiz uşaq evində 100-dən artıq şagird təhsil alır. Hazırda məktəbdə yenidənqurma işləri aparılır, ərazidə yeni yaşayış və təhsil binaları tikilir.

 

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaq evinin yaşayış və tədris binaları, burada aparılan yenidənqurma işləri ilə tanış olublar.