1405668860.jpg
18 iyul 2014

"Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə" kitabının təqdimatı olub

İyulun 18-də Bakıda iki cilddən ibarət “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabının təqdimat mərasimi keçirilib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

Kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.

 

İkicildlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, Azərbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mehriban Əliyevanın həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunə olduğunu söyləyib.

 

Komitə sədri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və s. sahələrdə həyata keçirdiyi layihələrdən danışıb. Onun sözlərinə görə, kitabda Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində Fond tərəfindən görülmüş işlərdən də bəhs olunur.

 

Tədbirdə baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva, Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı çıxış ediblər.

 

Tədbirə yekun vuran Hicran Hüseynova kitabın əhəmiyyətini bir daha vurğulayıb, bu nəşri Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, humanist missiyası ilə yaxından tanış olmaq üçün dəyərli mənbə adlandırıb.