1406136230.JPG
23 iyul 2014

VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

 

Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.

 

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

 

Daha sonra mərasimdə çıxış edən festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festivalın həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün vasitə olduğunu vurğulayıblar.

 

Festivalın ilk günündə açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.

 

Konsertdə Xəyyam Mirzəzadənin “Səməd Vurğun poemasına illüstrasiyalar”, Volfqanq Amadey Mosartın “Alleqro”, Qara Qarayevin ”Alban rapsodiyası” və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

 

Avqustun 1-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.


FOTO