08_QACQINKOM-HEYDAR-ALIYEV-FONDU-TADBIR.jpg
22 avqust 2014

“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib

Avqustun 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirib.

 

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar.

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Fondun yaranması, fəaliyyəti, gördüyü işlər barədə danışıb. Əli Həsənov Fondun prezidenti Mehriban Əliyevanın hər zaman məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, hər il Yeni il şənliklərində məcburi köçkün uşaqlarla görüşdüyünü, hər dərs ili ərəfəsində bu uşaqların çantalarla, dərs vəsaitləri ilə təmin olunduğunu söyləyib.

 

Qeyd edilib ki, Heydər Əliyev Fondu yarandığı gündən bu günədək məcburi köçkünlər tərəfindən Fonda 8500 müraciət olunub. Bu müraciətlərin hamısı öz müsbət həllini tapıb. Bəzi ağır xəstəliklərə düçar olmuş məcburi köçkünlərin xarici ölkələrdə Fond tərəfindən müalicəsi təmin olunub.

 

Tədbirdə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.


FOTO