28 sentyabr 2014

Parisdə təşkil olunan Azərbaycan günləri başa çatıb

Azərbaycanın tarixi dəyərlərinin, zəngin mədəni irsinin və reallıqlarının fransızlara daha yaxından tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunun San-Sülpis meydanında “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən Azərbaycan günləri sentyabrın 28-də başa çatıb.

 

Sentyabrın 19-dan başlayaraq keçirilən silsilə tədbirlərin sonuncu günü, yəni sentyabrın 28-də incəsənət ustaları qədim musiqi alətlərində klassik və milli musiqilərimizi ifa ediblər.

 

On gün ərzində Paris sakinlərinə və şəhərin qonaqlarına Azərbaycan tarixindən, mədəniyyətindən, ədəbiyyatından, incəsənətindən, musiqisindən bəhs edən kitablar təqdim olunub. Şəhərciyi ziyarət edənlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı, habelə qədim milli qadın və kişi geyimləri ilə bağlı sərgilərlə, misgərlik məmulatları, zəngin mətbəx nümunələri, ölkəmizdə istehsal olunan şərab nümunələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

 

Bu günlər ərzində Azərbaycanın incəsənət ustaları fransız tamaşaçıları qarşısında muğam və xalq mahnıları, milli rəqslər və caz musiqisi ilə çıxış ediblər.