123.jpg
1 oktyabr 2014

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib

Oktyabrın 1-də Pakistanın İslamabad şəhərindəki Beyt-ul-Mal kimsəsiz uşaq evində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.

 

İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Beyt-ul-Mal uşaq evinin direktoru Abid Vahid Şeyx pakistanlı kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Abid Vahid Şeyx 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondunun mütəmadi olaraq Beyt-ul-Mal uşaq evinə yardımlar etdiyini xatırladıb. 

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. O, oktyabrın 6-dan 8-dək Heydər Əliyev Fondunun adından qurbanlıqlar kəsilərək Pakistanda daşqından və seldən zərər çəkmiş insanlara paylanacağını bildirib.

 

Tədbirdə İslamabad və Ravalpindi şəhərlərində fəaliyyət göstərən uşaq evlərinin sakinlərinə hədiyyələr təqdim edilib, uşaqlara nahar verilib. Mərasimin sonunda uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil olunub.

 

Sonra tədbir iştirakçıları uşaq evində Pakistan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma işləri ilə tanış olublar.

 

X X X

 

Qurban bayramı münasibətilə daha bir neçə tədbir Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdıqları Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin daşqın və seldən zərər çəkmiş Pəncab əyalətinin bir sıra şəhərlərində təşkil olunub.

 

Lakki Marvat bölgəsində təşkil olunan mərasimdə çıxış edən Pakistanın tanınmış siyasətçisi, senator Səlim Seyfulla Xan pakistanlı məcburi köçkünlərin dərdinə şərik olduğuna görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Həmin əyalətin Dera İsmail Xan bölgəsindəki mərasimdə ali qonaq qismində iştirak edən Pakistan Milli Assambleyası sədrinin sabiq müavini, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Feysəl Kərim Kundi də bölgə əhalisinə və məcburi köçkünlərə göstərdiyi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib. O, Heydər Əliyev Fondunun bu bölgədə inşa etdirdiyi “Heydər Əliyev su təchizatı sistemi” haqda məlumat verib, məcburi köçkünlər üçün həyata keçirdiyi digər layihələrdən danışıb. Feysəl Kərim Kundi bütün bunları Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

 

Tədbirlərdə Pəncab əyalətinin sel və daşqınlardan zərər çəkən Multan və Okarada bölgələrindən olan tanınmış ictimai-siyasi xadimlər və ziyalılar iştirak ediblər.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söz açıb.

 

Bayram tədbirləri zamanı iri və xırdabuynuzlu heyvanlar kəsilərək imkansız insanlara paylanılıb.