014.jpg
18 noyabr 2014

İstanbulda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Kann, Afina və Berlindən sonra “Bakı-2015” birinci Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən təqdimata Türkiyənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri də qatılıblar. Qonaqlar əvvəlcə “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan sərgidə Azərbaycanın 20-dən çox heykəltaraşının əsərləri nümayiş etdirilib.

 

Mərasimə qatılanlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar.

 

Tədbirin aparıcısı birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuza söykəndiyini bildirib.

 

Təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunub, təqdimatın əhəmiyyəti vurğulanıb.

 

Mehriban Əliyeva mərasimdə çıxış edib.

 

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə birinci Avropa Oyunlarına hazırlıq işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər haqda məlumatlar yer alıb.

 

Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən idman sahəsində böyük inkişafa nail olunduğunu qeyd edib.

 

“Bakı-2015”in təqdim olunduğu şəhərlər sırasına İstanbulun da daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay Kılıç qısa vaxtda oyunlara hazırlıq işlərinin sürətlə davam etməsinin sevindrici hal olduğunu söyləyib, birinci Avropa Oyunlarının qitənin tarixinə parlaq hadisə kimi düşəcəyinə əminliyini bildirib.

 

Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupunun konserti olub.


FOTO

VİDEO