14256265143339629930_750x500.jpg
6 mart 2015

IV Respublika Muğam müsabiqəsi başa çatıb

Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

 

Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı ilə “Xanəndə” və “İnstrumental muğam ifaçılığı” nominasiyaları üzrə 2 turda təşkil olunub.

 

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir: “UNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir”.

 

Sonra qaliblər mükafatlandırılıblar. Müsabiqəyə qatılmış 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə Tofiq Məmmədov (tar) və Aygül Həsənova (qanun) birinci, Toğrul Orucov (kamança) və Baxış Binyatov (balaban) ikinci, Zərqələm Cəfərova (kamança) və Mustafa Aşurov (tar) üçüncü yerlərə layiq görülüblər. “Xanəndə” nominasiyası üzrə isə birinci yeri Orxan Hüseynli, ikinci yeri Hüseyn Məlikov və Xətai Hacıyev, üçüncü yeri isə Zümrüd Məmmədova və Güllü Muradova qazanıblar. Bundan başqa, altı nəfər fəal iştirakına görə fərqləndirilib.


Qalibləri respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti seçib.


Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi muğam müsabiqəsinin Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.

 

Sonda müsabiqə qaliblərinin yekun konserti olub.


Müsabiqədə qalib gələn iştirakçılar “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək gənc muğam ifaçılarının müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanıblar.


FOTO