02.JPG
23 may 2015

Heydər Əliyev Mərkəzində azərbaycanlı tələbələr üçün əmək yarmarkası keçirilib

Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”), “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə azərbaycanlı tələbələr üçün əmək yarmarkası keçirilib.

 

Yarmarkanın açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.

 

Əmək bazarı ilə ali təhsil müəssisələrini bir araya gətirən yarmarkanın əhəmiyyətindən söz açan təhsil naziri bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təminat imkanlarının genişləndirilməsinə yönəlib.

 

Əmək yarmarkasının ənənəvi olaraq hər il keçiriləcəyini vurğulayan M.Cabbarov bunun gələcəkdə məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına müsbət təsir göstərəcəyini söyləyib.

 

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev, “Britiş Amerikan Tobakko” şirkətinin nümayəndəsi Zviad Şvitaridze də çıxış ediblər.

 

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq yerli və beynəlxalq şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya barədə məlumatla qatılıblar.


FOTO