13_MEHRIBAN-XANIM-KANN-AZERBAYCAN-XALCALARI-INCESENETDE-SERGI.jpg
15 iyul 2015

Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub

İyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.


Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.


"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir.


Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilir.


Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır.


Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir.


Sərgidə, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir.


Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur.


Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.


“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və ayın 31-dək davam edəcək.


FOTO

VİDEO