1.jpg
24 noyabr 2017

Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində bir sıra təşkilatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Noyabrın 23-də Fondun icraçı direktoru Anar Ələkbərov Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri xanım Li Syaoli, cəmiyyətin sədr müavini Sun Tsizinvu ilə görüşüb. Görüşdə Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Yaxın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi üçün Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti ilə əməkdaşlığa Heydər Əliyev Fondunun dəstək göstərməyə hazır olduğu qeyd edilib. Anar Ələkbərov gələcək layihələrin müzakirəsi məqsədi ilə xanım Li Syaolini Azərbaycana dəvət edib.

 

Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri Li Syaoli Azərbaycan ilə əlaqələrin genişlənməsi üçün hərtərəfli imkanların olduğunu bildirib. Cəmiyyətin sədri Li Syaoli məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.

 

Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı eyni zamanda iki ölkənin sürətlə inkişafı və gələcəkdə bütün sahələrdə birgə əməkdaşlığın reallaşdırılması barədə danışaraq, Heydər Əliyev Fondunun nəzərdə tutulan layihələrinin ölkələr və xalqlararası münasibətlərin daha da yaxınlaşmasına xidmət göstərəcəyini bildirib. Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin bu istiqamətdə geniş imkanlara malik olduğu qeyd edilib.

 

Görüş zamanı Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqda memorandum imzalanıb. 

 

Daha sonra  Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin muzeyi ilə tanışlıq olub.

 

Həmin gün Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Ven Sizinçjen ilə görüşüb. Danışıqlar zamanı Bakı Ekspo 2025-in təqdimatı olub, eyni zamanda Pekin 2019 Bağçılıq Eksposu ilə bağlı müzakirələr aparılıb. Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Ven Sizinçjen Bakı Ekspo 2025-in təqdimatı və Azərbaycanın Pekin 2019 Eksposunda iştirakına qərar verdiyinə görə məmnunluğunu bildirib. Pekin Ekspo 2019 və Bakının Ümumdünya Ekspo 2025-ə namizədlik məsələləri ilə bağlı davamlı müzakirə barədə razılıq əldə olunub. 


FOTO

VİDEO