1.jpg
15 yanvar 2016

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində valideyn himayəsindən məhrum uşaqların istirahəti təşkil edilib.

 

Müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşüblər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Şahdağ” Turizm Kompleksi olub. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.

 

“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün ikigünlük maraqlı səyahət proqramı hazırlanmışdı. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyirdi. “Şahdağ” Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak etdilər.

 

Havanın dumanlı olmasına baxmayaraq, uşaqların sevinci hədsiz idi. Onlar qarda həvəslə sürüşür, qartopu oynayır, şən səs-küyləri, isti nəfəsləri ilə bu məkanı daha da canlandırırdılar. Axşam düşəndə isə uşaqlar nağıl qəhrəmanları Spaydermen, Ağbəniz, Minyon ilə birgə əylənir, şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər. Qız və oğlan komandalarının yarışları, moda müsabiqələri, oğlanların güc yarışları tədbiri daha da maraqlı və yaddaqalan edən məqamlardan oldu.

 

Növbəti gün səhər tezdən durmuş uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyirdi. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılırdı. Nahar süfrəsi arxasında isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyirdi. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirdi.


FOTO

VİDEO