123.jpg
11 noyabr 2014

Şərqlə Qərbin sərhədində tapıntı - Elcin Şirinovun Düsseldorfda çıxışı

Deyəsən, bütün işlər hər bir azərbaycanlıya tanış olan, muğam ənənələrində improvizasiyaya söykənən milli musiqidədir... 

 

Bəlkə, hər şey qafqazlıların iftixar hissi olan dünya ictimaiyyətinə açıqlıq və tolerantlıq meyllərindən irəli gəlir?

 

Təsadüfi deyil ki, Bakı caz səhnəsi dünyada ən canlı səhnələrdən biri sayılır. Pianoçu Elçin Şirinov və onun Azərbaycan-Britaniya caz qrupu dünya musiqi mədəniyyətində sanki bir səfir rolunu oynayır və 32 yaşlı dahi pianoçu sözün əsl mənasında tapıntıdır!

 

Düsseldorfdakı Dram Teatrındakı konsertin xüsusi səbəbi var idi. Möhtəşəm mədəniyyət gecəsi Azərbaycan səfirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Fond ölkənin çoxşaxəli mədəni və xüsusən də musiqi irsinin, zənginliyinin dünya miqyasında tanıdılması məqsədilə Azərbacanın birinci xanımı tərəfindən yaradılıb. Hazırda bu məqsədlə Fond Almaniyada müxtəlif musiqiçi və ansamblların çıxışlarını təşkil edir. Tədbirdə iştirak edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da Fondun niyyət və məqsədlərini xüsusi qeyd edib.

 

Düsseldorf və yaxın ərazilərdən olan 700-dən çox qonaq burada təşkil edilmiş ziyafət, sərgi açılışı və nəhayət, konsertə qatılıb. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri də iştirak edib. Onun iştirakı konsertin önəmini daha da artırıb – vaxtilə Bakıda “Eurovision-2012”nin keçirilməsinin “əyləncə sənayesi”ndə möhtəşəm hadisə olduğu kimi.

 

Bununla yanaşı, Düsseldorf teatrında təşkil olunmuş sərgilər özündə alman-Azərbaycan əlaqələrinin çoxəsrlik tarixini əks etdirir. Nümayiş edilən iri formatlı tarixi ağ-qara fotolarda XIX əsrdə Qafqaza köçmüş və burada üzümçülüklə məşğul olmuş almanları görmək mümkündür. Sərgidə müasir azərbaycan rəssamları da Almaniya haqqında öz subyektiv təsəvvürlərini müasir texnika üslubunda təqdim ediblər.

 

Sonra səhnəyə öz qrupu ilə Elçin Şirinov çıxıb. O, fortepianoda göstərdiyi istedadlı ifası ilə tamaşaçıları valeh edib. Hələ çıxışın əvvəlində kul-caz üslubunda incə və ritmli balladanın ifa edilməsi Azərbaycanın gorkəmlı caz ustası, ölkəsinin caz mədəniyyətinə böyük töhfələr vermiş məşhur Vaqif Mustafazadənin xatirəsinə musiqiçilər tərəfindən göstərilən hörmət idi. Onların sonrakı çıxışında da bu sənətkarın dəsti-xətti görünürdü. Elçin Şirinovun ifa tərzində Bil Evans və ya Ceyson Moran kimi Nyu-York cazmenlərinin təsiri hiss olunur. Eyni zamanda, burada muğama xas olan zərif Şərq notları bütün ifa boyu eşidilir. Şirinovun ideyaları məhz onlardan qaynaqlanır.

 

Bas gitara ustası Sem Laserson musiqinin daha parlaq səslənməsi üçün sanki nisbətən tünd fon yaradır, zərb alətləri ustası Deyv Hamblet – fenomenin özüdür. O, əvvəlcə kiçik nağaradan, sonra isə tarelkalardan istifadə edir. O, tez-tez notdan nota keçərkən birbaşa Elçin Şirinovun olduqca sürətli improvizasiyasına müdaxilə edir, amma fortepiano arxasında olan Şirinov da bu cür kobud müdaxiləni sevinclə qəbul edir...

 

Bir-birinə qovuşan mədəniyyələrin və ifa tərzlərinin rəmzi qüvvəsi bu gecə daha böyük əhəmiyyət kəsb edir. Səhnəyə təkrar-təkrar Elçin Şirinovun həmvətənləri çıxır və Azərbaycan xalq musuqisi üslubunda improvizasiyalar ifa edirlər. Şirzad Fətəliyevin balabanda və Mircavad Cəfərovun udda birgə ifaları da tamaşaçıları valeh edir, onlarda xoş təəssürat yaradır. Mircavad Cəfərov bu şərq alətində özünün qeyri-adi ifası ilə tamaşaçıları sözün əsl mənasında cuşa gətirir.

 

Səslənən melodiyaların və improvizasiyaların mənbəyi Azərbaycan xalq musiqisi, eləcə də Azərbaycanın klassik musiqi mədəniyyətindədir – məsələn bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı nümunə göstərmək olar.

 

Mədəni tədbirin kulminasiyasında tamaşaçılar musiqiçiləri bir neçə dəqiqə ayaq üstə alqışlayıblar. Təkrar çıxışa dəvət olunan musiqiçilər duet şəklində (pianoda və udda) zərif və riqqətli kompozisiya ifa ediblər. Burada da, əsrlər boyu Azərbaycanın özündə olduğu kimi, iki poetik dilin birləşməsi nümayiş olunub.


http://www.nrwjazz.net


Digər keçidlər:


http://www.nrwjazz.net


http://www.xity.de