nrj-music-awards-15th-edition_5232.jpg
29 yanvar 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə İsfar Sarabski Kannda keçiriləcək MIDEM festivalında iştirak edəcək

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş cazmen İsfar Sarabski Kannda keçiriləcək MIDEM festivalında iştirak edəcək.

 

1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda məqsəd peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini  müəyyən etməkdir. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur. 

 

Təkcə ötən ilki MIDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak edib. 1350 stend və pavilyonun nümayiş olunduğu festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırıb.

 

Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda qaliblərə NRJ Music Awards mükafatı verilir.

 

Heydər Əliyev Fondu bu il  MIDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir. Azərbaycan fevralın 1-dən 4-dək keçiriləcək festivala İsfar Sarabski Band ilə qatılacaq. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də Majestic Barriere mehmanxanasının Diane zalında çıxış edəcək. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabski peşəkar musiqiçılər tərəfindən müşayiət olunacaq.

 

Qeyd edək ki, İsfar Sarabski Heydər Əliyev Fondunun xəttilə Amerikadakı  Berklee College of Musicdə təhsilini davam etdirir.