13 fevral 2014

Strasburqda Nizami Gəncəvinin yaradıcılığına həsr olunan beynəlxalq konfrans keçiriləcək

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi layihəsi çərçivəsində Fondun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam etdiriləcək.

 

Konfrans Strasburqun Rin sarayında 3 ay ərzində (19 noyabr 2013 - 19 fevral 2014) təşkil edilmiş “XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı” sərgisinin yekun mərhələsində keçiriləcək.

 

Fransanın Alzas regionunun Mədəniyyət məsələləri üzrə Direktoratının Baş Direktoru Alain Hauss, Strasburq Milli və Universitet Kitabxanasının Administratoru Albert Poirot kimi qonaqların iştirak edəcəkləri konfransda Strasburq Milli və Universitet Kitabxanasının Əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin “Nizami Strasburqda”, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Prinseton Universitetinin Yaxın Şərq araşdırmaları departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Michael Barry “Nizami Gəncəvi - könül şairi” mövzularında çıxış edəcəklər.

 

Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı”, “Qötenin və Nizaminin şərqşünaslığı”, “Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin “Yeddi gözəl”i”, “Nizami Gəncəvi - bütün zamanların və bütün məkanların şairi” mövzularında məruzələri dinləniləcək.

 

Xatırladaq ki, layihə çərçivəsində ötən il noyabrın 12-də Parisin Əlyazmalar və məktublar muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti Mərkəzində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub. Mədəni-kütləvi tədbirlər noyabrın 19-da Strasburqda davam etdirilib.