1.jpg
12 oktyabr 2015

Heydər Əliyev Mərkəzində “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23, 24 və 25-də təqdimatı keçiriləcək.

 

Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri “Mosfilm” kinokonsernində istehsal olunub. Heydər Əliyev Mərkəzində təşkil olunacaq təqdimat mərasiminin ilk günündə filmin yaradıcı heyəti iştirak edəcək.

 

“Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılmış qısametrajlı filmlərdən (“Aziya”,“Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Hadisə”) ibarətdir.

 

Fimlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya),  Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

 

Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz, yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.

 

Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar var.

 

Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

 

Qeyd edək ki, indiyə qədər dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib.

 

“Bakı, mən səni sevirəm” filminin nümayişinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.


Filmin treylerini sizə təqdim edirik:


https://youtu.be/F84pDtcbHqU


FOTO