“Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum

29-30 iyun 2010


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə iyunun 29-da Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum işə başlamışdır.


Forumun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər qoyulmuşdur.


Sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Onların diqqətinə çatdırılmışdır ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Məlumat verilmişdir ki, ulu öndər Heydər Əliyev iqtisadi tərəqqinin, sosial-mədəni yüksəlişin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün zəruri zəmin yaratmışdır.


Bakı Biznes Mərkəzində keçirilən forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.


Toplantı ötən ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan beynəlxalq forumdur. Həmin konfransda çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva qloballaşma mövzusunun aktuallığını vurğulamış və bildirmişdi ki, qloballaşma şəraitində Azərbaycan xalqı adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda, dünya ölkələrinin biri-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyir.


Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov Rusiyadan gəlmiş qonaqları salamlayaraq, tədbirin ənənəvi xarakter aldığını söyləmişdir. O, forumun əhəmiyyətini qeyd edərək xatırlatmışdır ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət götürərək, elmin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.


Mahmud Kərimov Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışmışdır. O demişdir ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşmışdır. Biz ümid edirik ki, bu meyillər dayanıqlı olacaqdır.


Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdüsəlim Hüseynov forumun təşkilinə görə ölkəsinin alimləri adından minnətdarlığını bildirərək, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusu ilə bağlı fikirlərini söyləmişdir. O demişdir ki, biz mədəniyyətlərimizin rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq üçün yaxşı fürsətdir.


O, postsovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha açıq şəkildə inkişafından məmnunluğunu bildirmişdir.


M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusunun aktuallığını vurğulamışdır. O demişdir ki, XXI əsrdə humanitar, sosial, əxlaqi-mədəni və iqtisadi problemlərin həllində ümumi yanaşmalar tələb olunduğundan belə konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret qərarlar axtarıb tapa bilərlər.


Professor Nərgiz Paşayeva vurğulamışdır ki, belə konfranslar əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki dialoq yalnız insanların və xalqların biri-birinə etimadı olduğu halda mümkündür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını cavablandırmaq hələ də aktualdır. Biz bəşəriyyəti təhsil, zəngin mənəvi potensial vasitəsilə anlayırıq. Hər bir savadlı insan fəlsəfəyə meyillidir, özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də biz dünyanın daha yaxşı olması üçün əlimizdən gələni etməliyik.


Forumda çıxış edən tanınmış rusiyalı alim, professor Yuri Pompeyev tədbirə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. Ölkəmizə bundan əvvəlki səfərlərini xatırladan qonaq Naxçıvanda, Gəncədə olduğunu söyləyərək, Azərbaycan alimləri və ziyalıları ilə əlaqələrindən danışmışdır. Alim ölkəmizdə milli mədəniyyətimizə və ailəyə olan münasibəti xüsusi qeyd etmişdir. Bildirmişdir ki, elm insanların birləşməsinə töhfə verməlidir.


Rusiyalı alim demişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 17 il əvvəl Prezident seçilərkən ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası olmuşdur. Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. Çünki yalnız görkəmli siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar.


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə qloballaşma şəraitində müasirləşmədən danışmışdır. Alimin fikrincə, insanların şüurunu müasirləşdirmək üçün klassik elmlə yanaşı, kreativ elm də olmalıdır.


Rusiya Hökuməti yanında Maliyyə Akademiyası fəlsəfə kafedrasının müdiri, professor Aleksandr Çumakov Rusiya-Azərbaycan münasibətlərini başqa ölkələrə nümunə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, forum ünsiyyət üçün çox gözəl imkanlar yaradır. O, qloballaşmanın mədəniyyətə təsirindən danışmışdır.


YUNESKO-nun eksperti, fəlsəfə elmləri doktoru, professor Nizami Məmmədov isə mədəniyyətlərin müxtəlifliyindən danışarkən demişdir ki, məhz mədəniyyət keçmişi, bu günü və gələcəyi biri-biri ilə birləşdirir.


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yalnız mədəniyyətlərarası dialoq vasitəsilə xalqların biri-birini daha yaxşı anlaya biləcəyini söyləmişdir.


Forum işini bölmə iclasları ilə davam etdirmişdir.


Forum iyunun 30-da başa çatmışdır.


Bakı Biznes Mərkəzində keçirilən və görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş forumda Azərbaycanın və Rusiyanın tanınmış alimləri iştirak etmişlər. Tədbirin ikinci iş günü keçirilən bölmə iclaslarında “Sivilizasiyaların dialoqu mədəniyyət dialoqlarında”, “Demokratiya, cəmiyyət və bir daha şəxsiyyətin tarixdə rolu barədə”, “Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsiyyət tərəfindən qiymətləndirilməsi”, “Qloballaşma dövründə Rusiya humanitar təhsili”, “Dialoq başqasının eyniliyinin anlaşılması kimi”, “Mədəniyyətlərarası dialoq qloballaşma dövründə davamlı inkişafın əsasıdır”, “Birlik fəlsəfəsi və müasir elm”, “Qloballaşma dövründə təfəkkür mədəniyyətlərinin qarşılıqlı fəaliyyəti”, “Mədəniyyətlərin vəhdəti və müxtəlifliyi: islam Nijeqorod regionu mədəniyyəti kontekstində” və s. mövzularda məruzələr dinlənilmişdir. Alimlər qloballaşma şəraitində müxtəliflik vasitəsilə birliyin təmin edilməsi ətrafında müzakirələr aparmışlar.


Tədbirdə Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, professor Konstantin Dolqovun “Heydər Əliyev – İnsan və siyasətçi” mövzusunda məruzəsi böyük maraqla qarşılanmışdır. Rusiyalı alim ümummilli liderimiz Heydər Əliyevin keçmiş SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən nəqliyyat sahəsinin inkişafı üçün gördüyü böyük işlərdən, mədəniyyətə qayğısından danışmış, eləcə də elmi tədqiqatlar apararkən Heydər Əliyevlə şəxsi görüşlərini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev kimi vətənpərvər, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən dahi şəxsiyyət heç zaman unudulmur, o insanların xatirəsində əbədi yaşayır.


Forumun sonunda qətnamə qəbul edilmişdir.



123.JPGHAF-KONFRANS-DIALOQ.JPG