Buxarestdə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans

18 mart 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib.

 

Konfransda Azərbaycan parlamentinin deputatları, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak ediblər.

 

Cənubi Qafqazın dünyanın intensiv geosiyasi proseslərin cərəyan etdiyi regionlarından biri olduğunu xatırladan Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Dağlıq Qarabağ münaqişəsindən danışıb, problemin regionun inkişafı üçün əngəl yaratdığını bildirib.

 

Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Azay Quliyev Cənubi Qafqazın geosiyasi vəziyyəti haqqında danışıb, Azərbaycan istər ərazisinə, istər əhalisinin sayına, istərsə də iqtisadiyyatına görə Cənubi Qafqazın ən böyük və ən inkişaf etmiş dövləti olduğunu xatırladıb. “Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür”, - deyə millət vəkili qeyd edib.

 

A.Quliyev Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasının Rumıniya üçün böyük əhəmiyyətə malik olduğunu da vurğulayıb. Azərbaycanın demokratik Avropanın bir hissəsi olduğunu söyləyən deputat, ölkəmiz ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalandığını xatırladıb.

 

Dağlıq Qarabağ münaqişəsindən də bəhs edən deputat münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal olunduğunu xatırladıb. O, Avropa İttifaqının bu məsələ ilə bağlı mövqeyini ortaya qoymasına ehtiyac olduğunu söyləyib.

 

Tədbirdə Türkologiya və Şərqi Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycandakı ilk səfiri Tasin Cəmil, Milli Məclisin deputatı Qənirə Paşayeva, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov, “AGRİ LNG Project” şirkətinin direktoru Mitika Savu, “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu da çıxış ediblər.


1.gif2.gif3.gif4.gif5.gif8.gif