Fransanın Yuxarı Alzas Universitetində Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konfrans

20 iyun 2014


Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin Miluz şəhərindəki Yuxarı Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş “XII və XXI əsrləri birləşdirən universal körpü: Şərq intibahının azərbaycanlı filosofu və yazıçısı, şairəsi Məhsəti Gəncəvi (XII əsr)” mövzusunda konfrans keçirilib.

 

Fakültənin dekanı xanım Qreta Komur-Tilloy Məhsəti Gəncəvinin Şərq aləmində yalnız şairə deyil, həm də filosof, şahmatçı və musiqiçi kimi tanındığını xatırladıb, onun əsərlərində saf məhəbbətin, azad sevginin, qadın azadlığının tərənnüm edildiyini diqqətə çatdırıb.

 

Qreta Komur-Tilloy konfransın keçirildiyi zala Məhsəti Gəncəvinin adının verilməsinin iki ölkə arasında əməkdaşlığa növbəti töhfə olduğunu və Heydər Əliyev Fondunun sayəsində bu əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb.

 

Universitetin rektoru xanım Kristin Gangloff-Ziegler isə bildirib ki, Məhsəti Gəncəvi irsi Azərbaycanın hansı yüksək dəyərlərə, necə qədim və zəngin ədəbiyyata malik olduğunu göstərir.

 

Kristin Gangloff-Ziegler deyib ki, onlar rəhbərlik etdiyi ali məktəbdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı kafedranın yaradılmasında maraqlıdırlar. Rektor hətta özünün Azərbaycan dilini öyrənməyə başladığını da qeyd edib.


Rektor Məhsəti Gəncəvi zalının yenidən qurulmasına göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

 

Konfransda çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Məhsəti Gəncəvini Şərq aləminin parlaq ulduzu kimi dəyərləndirib, şairə ilə bağlı UNESCO-da xüsusi tədbirin və ayrı-ayrı ölkələrdə konfransların keçirildiyini xatırladıb.

 

Azərbaycan-Fransa əlaqələrindən söz açan səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus mədəni dəyərlərin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransada tanıdılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim “Məhsəti Gəncəvi - dünyanın solmayan sənət çiçəyi”, Fransanın Beynəlxalq Diplomatiya Akademiyasının əməkdaşı, şərqşünas alim Şirin Melikova “Orta əsr lirik poeziyasının ulduzları - Məhsəti Gəncəvi və Mari de Frans”, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Teymur Kərimli “Məhsəti Gəncəvi - Azərbaycan poeziya məktəbinin nümayəndəsi kimi”, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (INALCO) Azərbaycan dili müəlliməsi Aygün Eyyubova “XI-XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi bəşəri ideyaların və qadın hüquqlarının təşviqatçısı kimi” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfrans çərçivəsində Yuxarı Alzas Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

 

Konfransdan sonra Yuxarı Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində Məhsəti Gəncəvinin adını daşıyan zalın açılışı olub.

 

Açılış mərasimində fakültənin dekanı Qreta Komur-Tilloy, şəhərin meri Jan Rotner, universitetin rektoru Kristin Gangloff-Ziegler, senator Jan-Mari Bokel və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.

 

Çıxışlarda zalın Heydər Əliyev Fondunun yardımı ilə bərpa edildiyi vurğulanıb, Fondun iki ölkə arasında əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd edilib.

 

Zalda Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar da yer alır.

 

Tədbirin sonunda incəsənət ustalarının ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqiləri səsləndirilib.