Bursada beynəlxalq elmi konfrans

28 noyabr 2014


Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə altıncı beynəlxalq elmi konfrans keçirilib. “Geosiyasətin qayıdışımı? Genişləndirilmiş bölgələrdə fəal diplomatiya zamanı” mövzusunda keçirilən konfransın təşkil olunduğu universitetin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, elmi və tarixi mövzulardan bəhs edən jurnallar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair nəşrləri və s. əyani vəsaitlər sərgilənib.

 

Azərbaycan, Rusiya, İran, Bolqarıstan, Əlcəzair və Hindistandan yüzdən çox alimin çıxış etdiyi konfransa Türkiyənin müxtəlif ali məktəbləri və beyin mərkəzlərindən tanınmış şəxslər qatılıblar.

 

Konfrans çərçivəsində professor Hayati Aktaşın sədrliyi ilə “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq miqyası” mövzusunda seminar da keçirilib. Seminarda professor Reha Yılmazın Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan-Türkiyə neft və qaz boru xətlərinin Qafqazın geosiyasi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti mövzularında məruzələri dinlənilib. Dağlıq Qarabağın qədim Azərbaycan ərazisi olduğunu elmi mənbələrlə, tarixi faktlarla əsaslandıran məruzəçi münaqişənin yaranma səbəbləri, ağır nəticələri və s. seminar iştirakçılarının diqqətinə çatdırıb.

 

3 gün davam edən konfransda “Qara dəniz-Şərqi Avropa, Orta Asiya-Qafqaz, Orta Şərq-Şimali Afrika bölgələrinin dünyadakı enerji təhlükəsizliyinə təsiri”, “Neft və qaz boru xətlərinin geosiyasəti”, “Regionlardakı böhranlar və münaqişələrin həlli yolları” və digər mövzularda məruzələr dinlənilib.