1.jpg
7 mart 2018

Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub

Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub

 

Martın 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib.

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.

 

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışıb.

 

Martın 10-13-də Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçılarını Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

 

Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

 

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

 

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

 

Festival günlərində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası təqdim olunacaq.

 

Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.

 

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova) və Bakı Xoreoqrafiya Akademiyasının balet truppasının (dirijor Fəxrəddin Kərimov) ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub.


FOTO