ANG_8552.jpg
19 may 2014

Rumıniyada əqli qüsurlu uşaqlar arasında kross qaçışı üzrə “Şansların bərabərliyi” adlı yarış təşkil edilib

Heydər Əliyev Fondunun dəstəyi, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı ilə Buxarest şəhərinin “Lumea Copiilor” (“Uşaqların dünyası”) parkında əqli qüsurlu uşaqlar arasında kross qaçışı üzrə “Şansların bərabərliyi” adlı kiçik yarış keçirilib.

 

Tədbirə Rumıniyanın idman və gənclər naziri xanım Qabriela Szabo, 4-cü sektorun icra hakimi Kristian Popesku Pyedone, Rumıniyanın tanınmış tennisçisi İliye Nastase, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, yarışda iştirak edən uşaqların valideynləri, KİV nümayəndələri qatılıblar.

 

Tədbirin əhəmiyyətini qeyd edən Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının sədri Luminitsa Qeorgiu belə tədbirlərin əlil uşaqların cəmiyyətə inteqrasiyasına yardım olacağını bildirib. O, bu işə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev isə tədbir iştirakçılarına nümayəndəliyin 7 illik xeyriyyəçilik, humanitar fəaliyyəti haqda məlumat verib. İki dövlət arasında mövcud strateji tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirən İqbal Hacıyev nümayəndəliyin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini söyləyib.

 

Çıxışlardan sonra yarış başlayıb.

 

Yarışın qaliblərinə medallar, kuboklar, diplomlar və hədiyyələr təqdim olunub, iştirakçı uşaqlara hədiyyələr paylanılıb.

 

Tədbir Rumıniya mətbuatı tərəfindən geniş işıqlandırılıb.


FOTO