14_fotoalbom-heydar-aliyev-markazi.jpg
11 dekabr 2013

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab-albomun təqdimatı keçirilib

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab-albomun təqdimatı keçirilib.

 

“Böyük insanın ömür anları...” adlı albomda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotolar toplanıb. Albomda Heydər Əliyevin uşaqlıq və yeniyetməlik illərinə, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi dövrə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Sov.İKP MK Siyasi Bürosunun üzvü olduğu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrə aid fotolarla tanış olmaq mümkündür.

 

Nəşrə “Ön söz” Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yazılıb. “Ön söz”də deyilir: “Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzüllün əks olunduğu səhifələrlə zəngindir. Hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu”.

 

“Bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar”, - deyə Mehriban Əliyeva qeyd edir: “Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr əks olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o, müxtəlif anlarda çəkilib – gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat, gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur”.


Albomda ümummilli liderin ilk dəfə işıq üzü görən fotoşəkilləri də dərc olunub. Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanılıb.

 

Daha sonra Heydər Əliyev Mərkəzində Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

 

Rusiya Federasiyasının Xalq Artisti Dmitri Lissin dirijorluğu ilə keçən konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın ifası ilə başlayıb.

 

Xalq Artisti Dmitri Liss Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə iştirak etməyi özü üçün şərəf saydığını bildirib: “Konsertin proqramına daxil edilmiş Azərbaycan, rus və digər ölkələrin bəstəkarlarının əsərləri dahi şəxsiyyət Heydər Əliyevin dinlədiyi sevimli əsərlər olub. Bu konsert bizim üçün xüsusilə təsirlidir. Ona görə ki, orkestrin üzvlərinin əksəriyyəti vaxtilə şəxsən ulu öndər Heydər Əliyevlə görüşmüş insanlardır. Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə orkestrin bədii rəhbəri və baş dirijoru, SSRİ Xalq Artisti Vladimir Fedoseyev arasında səmimi münasibətlər olub”.

 

Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Niyazi ilə yanaşı, dünya klassikası – İohannes Brams, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov, Georgi Sviridov və Frans Vaksmanın da əsərləri səsləndirilib.

 

Orkestrin müşayiəti ilə Xalq Artisti Samir Cəfərov, Əməkdar Artist Aygün Zeynalova, solist Afaq Abbasova və skripkaçı Elvin Qəniyev çıxış ediblər.


FOTO

VİDEO