“2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi

  • Layihə
  • Foto
  • Video


2017-ci il aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

 

Layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar.

 

Aprelin 3-dən etibarən protezlərin quraşdırılmasına başlanılıb. Layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərin amputasiya olunan hərəki hissələrinə protezlər quraşdırılıb.

 

Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunub.

 

Layihənin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasıdır.

 

Əsgər və zabitlərə quraşdırılan protezlərdən biri dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus “Harmony P3” aktiv vakuum sistemli protezdir.

 

Bu protezin soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır ki, bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşır. Nəticədə ayaq protezlə bir vəhdət təşkil edir ki, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat, inamlı addım atır. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir önəmli xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır ki, bu da öz növbəsində, yaralı güdüllərin tezliklə sağalmasını təmin edir. Aktiv vakuum sistemli protez amortizator və rotasion xüsusiyyətlərə malikdir ki, bu da protezin hərəkət zamanı dəyişik yer səthlərinə uyğunlaşmasını təmin edir.

 

“Harmoy P3” sisteminə istifadə rahatlığını artırmaq məqsədilə dinamik “Triton” karbon ayaq quraşdırılıb ki, bu da öz növbəsində, hər növbəti addımın atılmasına təkanverici bir özəlliyə sahibdir.

 

“C-leg mikroprosessor” idarəetmə sistemli transfemoral protez dizüstü amputasiyalarda geniş tətbiq olunan, Almaniyanın “Ottobock” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Belə ki, “C-leg” mütəxəssisləri dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq, protezlə hərəkətin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. “C-leg” diz oynağının daxilində iki ədəd yüksək həssaslıqlı sensorlar var ki, bu sensorlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə hərəkət vaxtı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.

 

“C-leg” protezinin xüsusi proqram təminatı da var ki, bu proqram təminatı vasitəsilə protezə istifadəçinin tələbinə uyğun 3 fərqli funksiya yükləmək olur. Məsələn: bu, sərbəst hərəkət, qaçış, həmçinin velosiped idarə etmək funksiyası ola bilər.

 

Silikon kosmetik ayaq protezləri aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub dəriyə zərərli və allergik təsiri olmayan təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik quruluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahat olub görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.

 

6 kanallı bionik transhumeral protez – “BeBionic 3” yuxarı ətraf protezi İngiltərənin “RSL Steeper” şirkətinin istehsalı olub funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq olunan bionik əl protezidir.

 

“BeBionic 3” əl protezi protezə quraşdırılmış iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnalları mikroprosessor idarəetmə sisteminə ötürür. İdarəetmə sisteminə daxil olmuş siqnallar işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini təmin etməklə günlük praktikada istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. “BeBionic” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub 360 dərəcə dönmə imkanına malikdir. Dirsəküstü amputasiyalarda istifadə olunan dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.

 

XXX

 

2018-ci ildə Qarabağ müharibəsi əlillərindən 6 nəfər “HarmonyP3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əlp rotezi ilə təmin edilib.

 

XXX

 

2019-cu ildə Heydər Əliyev Fonduna müraciət edən 30-dək hərbçinin hər biri fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullarla təmin edilib.



006.JPG
007.JPG
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg
27.jpg
28.jpg
29.jpg
30.jpg
31.jpg