12 mart 2007

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın ən böyük şəhərlərində keçirilmiş tədbirlər erməni lobbisini təşvişə salıb

Martın 11-də Türkiyənin "ATV Avropa" kanalının saat 13-də efirə çıxan "Avropada 7 gün" populyar proqramında Xocalı faciəsi haqqında 10 dəqiqəlik veriliş getmişdir.

 

Milli Məclisin deputatları Qənirə Paşayeva, Aqil Abbas, Musa Quliyevin müsahibələrində bu faciənin ermənilər tərəfindən dinc Azərbaycan əhalisinə qarşı əvvəlcədən hazırlanmış ssenari üzrə həyata keçirilmiş soyqırımı aktı olduğu faktlarla, sənədlərlə diqqətə çatdırılmışdır. Almaniya, Hollandiya və Türkiyədən canlı yayıma qatılan dinləyicilər, proqramda iştirak edən tanınmış sənətçilər ermənilərin öz havadarları ilə birlikdə törətdikləri misli görünməmiş bu vandalizmdən dəhşətə gəldiklərini bildirmişlər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın ən böyük şəhərlərində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı keçirilmiş tədbirlər ermənilərin Azərbaycan və Türkiyəyə qarşı apardığı hay-küylü, heç bir tarixi fakta əsaslanmayan təbliğatının ifşasına imkan yaratmış, ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdiyi belə qətliamların təkzibedilməz dəlillərlə avropalılara çatdırılması erməni lobbiçilərini təşvişə salmışdır.

 

Dinləyicilər özlərini daim məzlum, yazıq, türklər tərəfindən əzilən bir millət kimi tanıtmağa çalışan ermənilərin mənfur niyyətlərinin, iç üzünün açılmasının, bu istiqamətdə aparılan işin ardıcıl davam etdirilməsinin zəruriliyini də bildirmişlər.