img_7770.jpg
15 noyabr 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasim keçirilib

Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə noyabrın 15-də Romada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasim keçirilib.


Mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 15-də bir sıra görüşlər keçirib. Baş nazirin müavini Elçin Əfəndiyev əvvəlcə Romanın Villa Borgezzi parkında dahi Azərbaycan şairi Nizaimi Gəncəvinin abidəsini ziyarət etdi. Elçin Əfəndiyev sonra Roma şəhərinin meri Canni Alemanno ilə görüşdü.


Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyanın mədəni irsinin bərpasına göstərdiyi yardımları yüksək qiymətləndirilmişdir. Həmçinin Nizami Gəncəvinin timsalında Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Roma meriyasına minnətdarlıq ifadə olunmuşdur.


Baş nazirin müavini Elçin Əfəndiyevin İtaliyanın mədəniyyət naziri Lorentso Ornagi ilə görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdiyi və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.


Noyabrın 15-də axşam Romanın “Auditorium Parco Della Musica” konsert və festivallar sarayında keçirilən “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasimdə çıxış edən Elçin Əfəndiyev Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin yüksək səviyyədə qeyd olunmasını tarixi hadisə kimi dəyərləndirdi. Bildirildi ki, xalqlarımızı tarixi bağlar birləşdirir və ölkələrimiz arasındakı əlaqələr bu gün sürətlə inkişaf edir. Rəsmi səviyyədə həyata keçirilən səfərlər isə bu əlaqələri daha da möhkəmləndirir.


Qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Baş nazirin müavini ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Elçin Əfəndiyev bu münaqişənin tezliklə sülh yolu ilə həllinə ümidvar olduğunu bildirdi.


Bu möhtəşəm tədbirin təşkilində Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən Elçin Əfəndiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırdı.


Sonra ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilən “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasimin iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu.


Təbrik məktubunun oxunmasından sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış etdi.


Beləliklə, Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Romada qeyd olunması böyük bayram əhval-ruhiyyəsi yaratmışdır. Bu konsert proqramında səslənən mədəniyyət incilərimiz mərasimə gələn hər kəsdə Azərbaycan haqqında unudulmaz xatirəyə çevrilmişdir.


FOTO

VİDEO