09.jpg
20 oktyabr 2018

Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəs Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov tədbirlərdə iştirak edib.

 

Ərciyəs Universitetində Azərbaycan, Türkiyə və Rusiya deputatlarının, bu ali təhsil ocağının professor-müəllim heyətinin, tələbələrinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən konfransdan əvvəl universitetin tarixini əks etdirən fotosərgi ilə tanışlıq olub.

 

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Sonra Ərciyəs Universitetinin rektoru, professor Mustafa Çalış rəhbərlik etdiyi təhsil ocağı ilə bağlı məlumat verib.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təşkil olunan konfransın əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, müasir dünyada dialoq çağırışı etmək sülh və sabitlik siyasətinin tərənnümüdür.

 

“Vətən” qəzetinin guşə yazarı Kürşad Zorlu müasir dövrdə dialoqun əhəmiyyətindən danışıb.

 

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasımov mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

 

İkitərəfli əməkdaşlıq əlaqələrinin dördtərəfli platformaya keçirilməsi ideyasının yüksək əhəmiyyət daşıdığını qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım əminliklə bildirib ki, belə bir təşəbbüs bütün tərəflərin maraqlarını əks etdirir. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayıran Şamil Ayrım Ermənistanın beynəlxalq hüququn normalarına məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasını sülhsevər dünya ictimaiyyətinə qarşı həqarət kimi dəyərləndirib.

 

Çıxışlarda səsləndirilən fikirləri sülh və inkişaf çağırışı kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə sülh, tərəqqi və inkişaf siyasəti yürüdür. Azərbaycan bütün dövlətlərlə mehriban münasibətdə olmaqda maraqlıdır.

 

Ərciyəs Universitetinin məzunu Nəcəf Qəmbərov təhsil aldığı ali məktəbdə belə bir konfransın keçirilməsinin önəmli olduğunu qeyd edib.

 

XXX

 

Həmin gün Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

 

Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Ramin Qasımov, Dmitri Savelyev, Şamil Ayrım, Milli Məclisin deputatı Elman Məmmədov, Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov mərasimdə çıxış ediblər.


FOTO