02_L_ALIYEVA-CENEVRA-SAFAR.JPG
11 iyun 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə Beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva iyunun 11-də Cenevrədə səfərdə olmuşdur. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNİCEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilmişdir.


Leyla xanım BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşmüşdür. Görüşdə Leyla xanım Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışmışdır. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırlamış, ölkəmizin sanballı uğurlarını və Azərbaycanın BMT çərçivəsində səmərəli fəaliyyətini qeyd etmişdir. Görüşdə ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olmuşdur.


Sonra Q.Tokayev qonağı BMT-nin Cenevrə bölməsi ilə tanış etmişdir. Leyla xanım BMT-nin tərksilah üzrə konfransının iclas salonuna (Q.Tokayev həm də BMT-nin tərksilah üzrə konfransının baş katibidir), ölkəmizin hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkmişdir. Q.Tokayev tanışlıq zamanı Leyla xanım Əliyevaya rəssam Rafael Abbasovun fırçasının məhsulu olan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hədiyyə edilmiş “Bakı” rəsmini göstərmişdir.


Sonra Leyla xanım BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olmuşdur. Muzeyin və kitabxananın əməkdaşları Leyla xanım Əliyevaya 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdirmişlər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.


Sonra Leyla xanım Əliyeva UNİCEF-in Cenevrə ofisində olmuş, burada bu təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə görüşmüşdür. UNİCEF-in nümayəndəsi keçən il Azərbaycana səfərini xatırlamış və təmsil etdiyi təşkilat tərəfindən Yardımlıda həyata keçirilən layihə barədə söhbət açmışdır. O demişdir ki, Bakının, bütövlükdə Azərbaycanın sürətli inkişafı güclü təsir bağışlayır. O, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını bildirmişdir. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmişdir.


Leyla xanım Əliyeva isə Fondun işi barədə, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlər haqqında danışmışdır. O bildirmişdir ki, Fond əlil uşaqlarla iş məsələsinə ciddi diqqət yetirir. Görüşün sonunda Leyla xanım Kirsi Madiyə Heydər Əliyev Fondu və IDEA kampaniyası adından xatirə hədiyyələri təqdim etmişdir.


Sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olmuşdur. Görüşdə Leyla xanım Əliyeva və Yan Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə etmişlər. Bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də nəzərdən keçirilmişdir. Həmsöhbətlər Cenevrədə bu aspektlərdən bəzilərini əhatə edə biləcək IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsini də müzakirə etmişlər.


Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat vermişdir. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı bu təşkilatın xüsusi qürur mövzusudur. Ceyranların çoxaldılması və onların vəhşi təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir. Leyla xanım Əliyeva bildirmişdir ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət etmişdir. Onun sözlərinə görə, bu yolla həmin gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqət güclənəcəkdir. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla xanım bildirmişdir ki, Moskvada, Moldovada, Gürcüstanda və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Ətraf mühit üzrə IDEA kampaniyasının təşəbbüskarı onu da bildirmişdir ki, mayın axırlarında Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılmışdır.


Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat vermişdir. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir. UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı kömək təklif etmişdir.


Görüşün sonunda Leyla xanım Əliyeva Heydər Əliyev Fondu və IDEA kampaniyası adından Yan Dusikə xatirə hədiyyələri təqdim etmişdir.


Bununla da Leyla xanım Əliyevanın Cenevrəyə səfəri başa çatmışdır.



FOTO