07_ASTRAXAN-MAKTAB.JPG
12 sentyabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan vilayətindəki regional bölməsinin üzvləri ilə görüşüb

Sentyabrın 12-də Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri ilə görüşüb. 

 

Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş məktəbin binası ilə tanış oldu. Yenidənqurma işləri zamanı iki yeni korpus tikilmiş, sinif otaqları ən müasir avadanlıqla təchiz edilmişdir. Leyla Əliyeva şagirdlər üçün yaradılan şəraitlə tanış oldu. 


Məlumat verildi ki, məktəbdə 20 sinif otağı vardır. Hazırda məktəbdə 650 şagird təhsil alır ki, bunlardan 32-si azərbaycanlıdır. Məktəbdə 42 müəllim işləyir.


Leyla Əliyeva görüşdə çıxış edərək bildirdi ki, RAGT- nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. O vurğuladı ki, RAGT Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirib.


Leyla Əliyeva dedi: “RAGT, demək olar, beş ildir mövcuddur. Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirməkdir. Bu gün RAGT- nin 60-dan çox regional bölməsi vardır”.

 

RAGT- nin regional bölmələrinin Azərbaycanın milli bayramlarını qeyd etdiklərini, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini təbliğ etdiklərini, respublikamızın həqiqətlərini yaydıqlarını bildirən Leyla Əliyeva vurğuladı: “Biz inanırıq ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaqdır, bütün qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar”.

 

RAGT- nin sədri qeyd etdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda “IDEA” adlı beynəlxalq kampaniya başlayıb. Ötən dövrdə bu kampaniya çərçivəsində çoxlu maraqlı layihə həyata keçirilmiş, təxminən 60 min ağac əkilmiş, konfranslar, seminarlar keçirilmişdir. Çıxışının sonunda Leyla Əliyeva dedi: “Mən sizi bu hərəkata fəal qoşulmağa və öz təkliflərinizi bölüşməyə dəvət edirəm”.

 

Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri adından Leyla Əliyevaya minnətdarlığını bildirərək dedi ki, RAGT- nin Həştərxan vilayətindəki bölməsi öz sıralarında regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov vurğuladı ki, Həştərxan Vilayət Administrasiyası 2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT- nin regional bölməsinə vermişdir.

 

Sonra Leyla Əliyeva tədbir iştirakçılarının və RAGT-nin üzvlərinin suallarını cavablandırdı.

 

Sonda xatirə şəkli çəkdirildi.



FOTO