16 fevral 2010

Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi açılıb

Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur.

 

İngiltərənin məşhur “Maqnum Fotos” agentliyinin dünya şöhrətli fotoqrafı Georgi Pinxasovun Bakı ilə bağlı 2009-cu ildə çəkdiyi 60-a yaxın foto paytaxtımız haqqında London sənətsevərlərinə kifayət qədər maraqlı məlumat verir. Bu fotolarda Xəzərin sahilində yerləşən, həm Şərqin, həm də Qərbin ovqatından yoğrulan füsunkar Bakı mənzərələri vardır.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə Avropa insanına təqdim olunan bu son dərəcə maraqlı, özündə kifayət qədər kolorit daşıyan fotolar bir daha Azərbaycan paytaxtının tükənməyən gözəlliklərindən xəbər verir. Elə paytaxtımızı gəzən Pinxasov da avropalı turistlərin çoxuna məlum olmayan maraqlı anları çəkmişdir. Qafqazın ən böyük şəhəri olan Bakı bu fotolarda nəhəng neft-qaz yataqlarına malik Azərbaycanın paytaxtı və əsas liman şəhəri, çimərlikləri, təbii və mədəni sərvətləri, turizm potensialı olan nəhəng bir dünya kimi təqdim olunur: Qala divarları, tarixi məkanları, mənzərəli labirintləri ilə diqqəti çəkən İçərişəhər, dar küçələr, qədim binalar. Məhz bu dərin təəssüratın nəticəsidir ki, Pinxasovun Bakı silsiləsi müxtəlif mövzuları, memarlıq abidələrini, limanın səs-küyündən sakit şəhər kənarınadək hər bir məqamı əhatə edir. Bir sözlə, bu fotoların baş qəhrəmanı hər şeyi ilə, bütün yaşadıqları və yaşananları ilə doğma Azərbaycanın döyünən ürəyi – Bakıdır.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin təşkilatçılarına, xüsusilə də Leyla xanıma minnətdarlığını bildirmişdir. Səfir sərginin əhəmiyyətini qeyd edərək, onun Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində mühüm addım olduğunu bildirərək demişdir: “Müasir dövrdə mədəniyyət və incəsənət insanlar arasında əlaqələrin qurulması üçün mühüm rol oynayır. Ümidvaram ki, bu sərgi Azərbaycana məhəbbəti daha da artıracaqdır.


Leyla Əliyeva tədbirdə çıxış etdi.


 Fotoqraf Georgi Pinxasov ölkəmizlə bağlı ən xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür.


Tədbirin təşkilatçılarından olan “Maqnum” agentliyinin mədəniyyət məsələləri üzrə direktoru xanım Sara Sofi sərginin təşkilinə göstərdiyi dəstəyə görə Leyla xanım Əliyevaya və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirmişdir.

 

Sara Sofi “Maqnum əhvalatları” adlı albomu Leyla Əliyevaya təqdim emişdir.


Sərgiyə dəvət olunanlardan Lordlar Palatasının üzvü Baronessa Okaheyn, Londonun Kensinqton və Çelsi ərazisinin meri Timoti Koleric, məşhur futbol ulduzu Andrey Arşavin sərgidən aldıqları təəssüratlarını bildirmişlər.