001.jpg
10 iyun 2008

Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum çərçivəsində Gənclər forumu keçirilib

İyunun 10-da Bakının “Gülüstan” sarayında Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum çərçivəsində Gənclər forumu keçirilmişdir.


Dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etdikləri tədbirdə gənc qadınların cəmiyyət həyatının iqtisadi, mədəni, sosial və siyasi sahələrində rolunun genişlənməsi istiqamətində qanunların gücləndirilməsi, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, gənc qadınların hüquqlarını müdafiə etmək üçün milli təsisatların və vətəndaş cəmiyyəti təşkilatlarının işinin təkmilləşdirilməsi, qadınların təhsil problemlərinin həlli, Gənclərin Sivilizasiya Alyansı çərçivəsində gənc qadınların qlobal mədəniyyətlərarası dialoqda fəallığının yüksəldilməsində gənclər təşkilatlarının təşəbbüskarlığının artırılması məsələləri müzakirə edilmişdir.

 

İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun baş katibi Elşad İsgəndərov forumu açaraq demişdir ki, belə bir tədbirin təşkilindən məqsəd qloballaşan dünyada müxtəlif ayrı-seçkiliyin qarşısının alınmasında gənclərin, xüsusən də qadınların rolunu artırmaq və dünya ictimaiyyətinin diqqətini bir daha bu məsələyə cəlb etməkdir. Forumun Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilməsi Azərbaycan dövlətinin qadın probleminin həllinə göstərdiyi yüksək diqqətinin təzahürüdür. Əminik ki, Forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində, xüsusən də dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasında, bu sahədə əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaqdır.

 

Sonra İKT–nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun prezidenti Əli Sarıkaya çıxış edərək, ilk növbədə belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinə, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. O demişdir ki, bu gün qloballaşan dünyada BMT, İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrdə qadınların hüquqlarının qorunması məsələsi xüsusi yer alır. Azərbaycanda bugünkü forum milli mədəni xüsusiyyətlərə uyğun, yüksək səviyyədə təşkil edilmişdir. Buna görə də iştirakçılar adından bir daha minnətdarlığımı bildirirəm.

 

İslamda qadın hüquqlarının qorunmasını xüsusi vurğulayan natiq bildirmişdir ki, bu gün dünyada sülhün bərqərar olmasında, mədəniyyətlərarası dialoqun daha geniş vüsət almasında və səmərəli olmasında qadınların böyük rolu vardır. Lakin bir sıra problemlər, qadınların və qızların təhsildən kənarda qalması, zorakılıqla üzləşməsi onları siyasi proseslərdən kənarda qoyur. Ona görə də İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu belə hesab edir ki, Beynəlxalq Bakı Forumu qarşıya qoyulmuş məqsədə çatmaqda əməkdaşlığımızı daha da genişləndirəcəkdir.

 

BMT-nin iqtisadi və sosial məsələlər idarəsinin QHT şöbəsinin müdiri xanım Hənifə Mezui çıxışında təmsil etdiyi təşkilat adından “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı forumunun keçirilməsində Heydər Əliyev Fonduna və xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. O demişdir ki, bu forumun Azərbaycanda keçirilməsi ölkənin qadınlarının ictimaiyyətdə rolunun yüksək göstəricisidir.

 

Heydər Əliyev Fondunun yüksək səyləri sayəsində keçirilən bu Forum sülhün nümunəsinin, eyni zamanda insanlar arasında sülhün təşviqinin mühüm göstəricisidir. Xüsusi vurğulamalıyam ki, Azərbaycanda qadınlara səs vermək hüququ Avropa ölkələrindən xeyli əvvəl verilmişdir.

 

Qloballaşan dünyada daha yüksək inkişafa nail olmaq üçün qadınların öz istedadlarını nümayiş etdirmək şəraiti yaradılmalıdır. Qadınların cəmiyyətə inteqrasiyasının sadələşdirilməsi prioritet olmalıdır. Xüsusilə gender bərabərliyinə rəvac verilməsi mühüm məsələlərdəndir. Qloballaşan dünyada qadınlar arasında işsizliyin, yoxsulluğun aradan qaldırılması, qadınların təhsilə cəlb olunması üçün beynəlxalq təşkilatlar çərçivəsində xüsusi tədbirlər görülməlidir. Qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi, onların fundamental hüquqlardan istifadə etmələri üçün əsaslı qərarlar qəbul olunmalıdır. BMT Xartiyasının əsas prinsipi qadınların hüququ ilə bağlıdır. Gender bərabərliyinə sərmayə qoyulması sülhün təşviq olunmasında qadınların rolunun möhkəmlənməsinə xidmət edəcəkdir. Sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun genişləndirilməsində qadınların, xüsusilə gənc qızların rolunun artması daha sülhsevər və təhlükəsiz dünyanın yaranmasına töhfələrini verəcəkdir. Bu gün qadınlar dünya əhalisinin 50 faizdən çoxunu təşkil edir və ona görə də qlobal problemlərin qadınların iştirakı olmadan həlli mümkün deyildir. Yalnız güclü qadın mühüm dəyişikliklərə töhfə verə bilər.

 

Almaniyanın Gələcək Nəsillərin Hüquqları Fondunun elmi direktoru Yorq Tremmel çıxışını əsasən qlobal problemlərin həllində gənclərin rolunun artırılması istiqamətində quraraq bildirmişdir ki, müharibələrin qarşısının alınması məqsədi ilə insanlar arasında ünsiyyətin formalaşmasında yeni yanaşmalar əhəmiyyətli rol oynaya bilər. Bunun üçün uşaq və gənclərin mübadiləsinin təşkili, onların birlikdə ailələrdə yaşamaları mühüm məqam kimi qeyd edilməlidir. Bu məqsədlə Avropada və Amerikada müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən Y.Tremmel, Qafqaz regionunda da həmin tədbirlərin görülməsinin mümkünlüyünü bildirmişdir. Qeyd etmişdir ki, oxşar layihələrin, proqramların həyata keçirilməsi üçün müvafiq sistem yaradılmalıdır. Həmin sistem əməkdaşlıq edəcək ailələrin müəyyən edilməsini, dil probleminin aradan qaldırılmasını, təhlükəsizliyin təmin olunmasını nəzərə almalı, problemlər barədə maksimum az danışılmalıdır. Ölkələr arasında problemlər yaşandığı halda beynəlxalq layihələrdən və üçüncü ölkələrdən istifadə edilə bilər.

 

Sonra İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi Leyla xanım ƏLİYEVA çıxış etmişdir.

 

Forumda çıxış edən İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi LEYLA ƏLİYEVA ümidvar olduğunu bildirmişdir ki, iki əsas maraq dairəsi qadınlar və dialoq olan bu beynəlxalq forumun Azərbaycanda keçirilməsi çox rəmzi məna daşıyır. Azərbaycan həm mədəniyyətlərarası dialoq, həm də qadınların inkişaf rəmzlərini təcəssüm etdirir. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycanda qadınlar hələ 90 il bundan əvvəl seçmək və seçilmək hüququ əldə etmişlər. Onlar Şərqdə siyasi bərabərliyə malik ilk qadınlar idi. Qərb demokratiyasında isə bu hadisə xeyli sonra baş verdi.

 

Azərbaycanda hələ qədim zamanlardan dini dözümlülüyün, müxtəlif mədəniyyətlərə və dinlərə böyük hörmətin olduğunu qeyd edən L.Əliyeva müasir, dəyişən və qloballaşan dünyada mədəniyyətlərarası dialoqda qızların və gənc qadınların rolundan danışmışdır.

 

O, dünyada milyonlarla gənc qadının savadsız olduğunu, hər il təxminən 50 min qızın və gənc qadının insan alverinin qurbanına çevrildiyini, yeniyetmə qızların və gənc qadınların tez-tez dövlətlərarası və etnik münaqişələrin, təcavüz və işğalların ilk qurbanları olduqlarını vurğulamışdır.

 

Qadınlar və qızlar üzləşdikləri bütün bu çətinliklərə baxmayaraq, beynəlxalq dialoqun təşviqi baxımından böyük imkanlara və qabiliyyətlərə malikdirlər. L.Əliyeva qadınların BMT-nin Sivilizasiyalar Alyansının məqsədlərinə nail olmaq istiqamətində oynaya biləcəyi roldan söz açmışdır.

 

L.Əliyeva qadınların demokratik cəmiyyətin əsas qurucularından olduğunu qeyd edərək demişdir ki, qadınların cəmiyyətdə statusu nə qədər aşağı səviyyədə olsa, demokratik inkişaf üçün şanslar da bir o qədər aşağı olar. Qadınların seçkili orqanlarda iştirakı daha bərabərhüquqlu cəmiyyət yaradır.

 

Gələcəyin anaları olacaq gənc qadınların sosial statusu nə qədər yüksək olsa, yeni nəsillərin dözümlülük və müxtəlifliyə hörmət mühitində böyümək imkanları da bir o qədər çox olar. Beləliklə, gənc qadınların sosial-iqtisadi və siyasi hüquqlarının artması istiqamətində beynəlxalq əməkdaşlıq daha demokratik, təhlükəsiz və sabit dünyaya nail olmaq üçün göstərilən yüksək səylərdir.

 

L.Əliyeva İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun gənc qadınların inkişafı istiqamətində gördüyü işlərə toxunmuş, İslam dininin qadınlara bəxş etdiyi hüquqları sadalamışdır.

 

Leyla xanım Əliyeva İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu adından qızların və gənc qadınların inkişafına istiqamətlənən sivilizasiyalararası dialoqla bağlı 2009-cu ildə Bakıda seminar keçirilməsini təklif etmişdir. Bildirmişdir ki, bu tədbir 1995-ci ildə BMT tərəfindən qəbul edilmiş Gənclər üzrə Dünya Fəaliyyət Proqramı əsasında görülən qlobal işlərin davamı ola bilər.

 

BMT-nin Sivilizasiyaların Alyansı katibliyinin layihə meneceri Tomas Utup forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. O, forumun qadınlar arasında savadsızlığın və yoxsulluğun aradan qaldırılmasının təşviqi istiqamətində mühüm rol oynayacağına əminliyini bildirmişdir. Tomas Utup demişdir ki, bugünkü dünyada qadınlar arasında mədəniyyətlərarası dialoqun təbliği vacibdir. Alyans sivilizasiyalar arasında ünsiyyət körpüsü yaratmaqla məşğuldur. Bunun üçün təhsildən, mətbuatdan, bütün mümkün vasitələrdən istifadə olduqca vacibdir. Qonaq demişdir ki, qadınların cəmiyyətdə rolu ölkələrdə insan hüquqlarının hansı səviyyədə qorunmasını öyrənmək üçün bir vasitədir.

 

Tomas Utup bəzi ölkələrdə qadın hüquqlarının pozulmasının islam dini ilə əlaqələndirilməsinin düzgün olmadığını xüsusi qeyd etmiş, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün onların təhsilə sıx cəlb edilməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, beynəlxalq dialoqun bu sahədə böyük əhəmiyyəti vardır. Alyans bu sahədə irəliləyişə nail olunmaq üçün üç təklif vermişdir. İlk növbədə kişilər və qadınlar üçün təhsil üzrə layihələr həyata keçirilməlidir. Gənc qızlar arasında beynəlxalq tələbə mübadiləsi bu istiqamətdə mühüm önəm kəsb edir. İkincisi, gənc qızların mətbuatda rolunun artırılmasıdır. Üçüncü təklif isə, beynəlxalq və milli təşkilatlarda gənc qızların rolunun artırılması, onların müxtəlif icmalarda təmsil olunması ilə bağlıdır.

 

Mədəniyyət səfirlərinin beynəlxalq cəmiyyətinin təsisçisi və prezidenti Helma Blumberq Azərbaycanda belə bir forumun təşkil edilməsini yüksək qiymətləndirmişdir. Natiq çıxışında qadınların rolunun artırılmasının vacibliyini vurğulayaraq, XX əsrdə dünyada İndira Qandi, Marqaret Tetçer, Hillari Klinton kimi qadın liderlərin fəaliyyətini xatırlatmışdır. Sülhün və əmin-amanlığın qorunmasında qadınların böyük rolu olduğunu söyləyən qonaq, cəmiyyətdə qadınlar və kişilər arasında mədəni dialoqun yaradılmasının vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, yüksək iqtisadi inkişafa malik ölkələr, informasiya-kommunikasiya texnologiyalarının inkişafı mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu sahənin inkişaf etmədiyi ölkələrdə qadınların rolu daha məhduddur. Qadınların biznesdə rolunun artmasının, onların hüquqlarının mədəni və dini normalara əsasən qorunmasının vacibliyini vurğulayan qonaq, islam dünyasında ilk dəfə olaraq Azərbaycanda qadınların seçki hüququ almasını yüksək dəyərləndirmişdir.

 

Blumberq demişdir ki, ABŞ-da qadınlar 1934-cü, Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə edə bilmişlər. Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə yüksək inkişaf etdiyini göstərir.

 

Təmsil etdiyi qurumun fəaliyyətindən danışan natiq demişdir ki, Mədəniyyət Səfirləri Beynəlxalq Cəmiyyəti dünyanın 100-dən çox ölkəsində qadın hüquqlarının qorunması məqsədi ilə layihələr həyata keçirmişdir. Qonaq qadınlara qarşı qoyulan sədləri aradan qaldırmaq üçün yay düşərgələrinin yaradılmasının vacibliyini bildirmişdir.

 

BMT-nin İnkişaf Proqramının xüsusi məsələlər üzrə məsləhətçisi Şahid Hüseyn aktual problemin müzakirəsinə həsr edilmiş mötəbər Bakı forumunda iştirakdan məmnun olduğunu bildirmiş, onun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Uzunmüddətli təcrübəsinə əsasən qadınların qarşılaşdıqları problemlərlə bağlı fikirlərini bölüşən Ş.Hüseyn qeyd etmişdir ki, istənilən ailədə qadınların işi bir gün əvvəldən başlanır. Çünki hər bir ailənin ertəsi gün istifadə edəcəyi yemək və geyim əşyaları məhz qadınlar tərəfindən hazırlanır. Eyni zamanda kişi ilə qadının iş gününün strukturunun da əsaslı şəkildə fərqləndiyi, ailənin əsas yükünün qadınlar üzərində olduğu konkret faktlarla diqqətə çatdırıldı. Natiq qeyd etdi ki, XXI əsrin sivilizasiyasında da qadınlar hər zaman işlə məşğuldurlar. Müqəddəs Qurani-Kərimdə, xüsusən onun 95-ci ayəsində qadınların kişilərlə bərabər hüquqlara malik olduğunun göstərildiyini vurğulayan Ş.Hüseyn qadınların işinin yüngülləşdirilməsi ilə bağlı təcrübə mübadilələrinin təşkilinin vacibliyini bildirmişdir. Qeyd etmişdir ki, bu işdə mədəniyyətlərarası dialoq da mühüm rol oynayacaqdır.

 

ATƏT-in gender məsələləri üzrə baş məsləhətçisi Cəmilə Seftaui təmsil etdiyi təşkilatda, eləcə də BMT-də, Avropa Şurasında qadın hüquq və azadlıqlarının qorunması ilə bağlı bir sıra vacib qərar və qətnamələrin qəbul olunduğunu bildirmişdir. O, Heydər Əliyev Fondunun təşkil etdiyi bu forumun dünyada qadınların problemlərinin həllində, qadın savadsızlığının, qadın zorakılığının, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir ki, cəmiyyətdə qadınların rolunun artırılması, onların siyasi proseslərə fəal qoşulması dünyada münaqişələrin həllində də mühüm rol oynayacaqdır. ATƏT nümayəndəsi bir daha belə bir tədbirin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Sonra müzakirələr olmuş, forum iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildirmiş, təəssüratlarını bölüşmüşlər. Bildirilmişdir ki, əsasən qadınların hüquqlarının müdafiəsi, savadsızlığın, yoxsulluğun aradan qaldırılması, siyasi proseslərdə, sülhün yaranmasında qadınların iştirakının artırılması ilə bağlı təkliflər yekun sənəddə öz əksini tapacaqdır.


FOTO