12 aprel 2007

Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunda olub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycan klubunun prezidenti Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunun (MDSHİ) rektoru, soydaşımız Vaqif Bayramovun dəvəti ilə bu ali təhsil müəssisəsində olmuşdur.


MDSHİ-nin rektorluğunda keçirilən görüşdən sonra gənclər hərəkatının lideri fiziki cəhətdən məhdud imkanlara malik tələbələrin təhsil aldıqları ali məktəblə tanış olmuşdur. L.Əliyeva ali məktəbin idman salonunda paralimpiyaçı qılıncoynadanlar və onların məşqçiləri ilə görüşmüşdür. İdmançılar Azərbaycana səfərlərindən məmnunluqla danışmış, ölkəmizin qılıncoynatma üzrə yığma komandasının yaradılmasında və bir çox görkəmli idmançıların yetişdirilməsində iştiraklarından fəxrlə söhbət açmışlar.

 

Rektor Vaqif Bayramov Leyla Əliyevanı institutun tələbələrinin məişəti ilə tanış etmişdir.

 

Akt salonunda qonağın şərəfinə tələbələrin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

 

Leyla Əliyeva görüşdə çıxış edərək bildirmişdir ki, MDSHİ-yə Heydər Əliyev Fondunun nümayəndəsi kimi gəlmişdir, ali məktəb və tələbələrlə tanışlıq onda böyük təəssürat oyatmışdır. Azərbaycanda da bu cür ali məktəbin açılmasına kömək edəcəyini vurğulayan Leyla Əliyeva demişdir ki, mədəni, humanitar və sosial sahələrdə layihələrin həyata keçirilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətidir.

 

Leyla Əliyeva Heydər Əliyev Fondunun adından ali məktəbə kitablar və digər hədiyyələr təqdim etmişdir.

 

Moskva Dövlət Sosial-Humanitar İnstitutu Rusiyada dayaq-hərəkət aparatı pozulmuş gənclərin təhsil aldığı, habelə paralimpiya oyunları üçün idmançılar hazırlayan yeganə institutdur.