002.JPG
11 may 2012

Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsərinin təqdimat mərasimi keçirilib

Mayın 11-də Bakıda “YARAT!” qeyri-kommersiya təşkilatının Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsərinin təqdimat mərasimi keçirildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsəri haqqında iştirakçılara məlumat verdi:


- Axşamınız xeyir, əziz qonaqlar.


Bu gün sizə təqdim etdiyim əsər “Beyin” adlanır. Qarşınızda ürək heykəli olsa da, əsərimin qayəsi bir tərəfdən hisslər və zəka arasında ziddiyyəti vurğulamaq, digər tərəfdən emosional və rasional cəhətlərimizin vəhdətini göstərməkdir.


Heykəltəraşlıq əsərinin mərkəzi fiquru öz beynini udan insandır ki, bu da hisslərin zəka üzərində qələbəsini göstərir. Bunun yaxşı, yoxsa pis olduğunu deyə bilmərəm. Yəqin ki, hər birimiz həyatda bircə dəfə olsa da belə güclü hisslər keçirmişik.


Zənnimcə, hiss və zəka vəhdətdədir, hərçənd bəzən bizə elə gəlir ki, emosional hərəkətlər düşüncəsizlik kimi görünsə də intuisiya və qəlbimizin səsi həyat yolumuzda bizə çox kömək edir.


Bu əsəri yaratmağıma bir söhbət əsnasında eşitdiyim belə bir fikir təkan vermişdir ki, biz bəzən qərar və seçimimizi uzun-uzadı düşünüb, ölçüb-biçsək də bunun cavabı təhtəlşüurumuzda olur. Rasional və qeyri-rasional təhtəlşüurumuz bizə bu yeganə seçimi təlqin edir. Həmin seçim doğru olmaya da bilər. Lakin bu, həmin anda və həmin vəziyyətdə bizə lazım olan yeganə seçimdir.


Ola bilsin, bu heykəltəraşlıq əsərinə baxanda sizdə tamamilə başqa hisslər yaranacaqdır və bu yaxşı haldır. Mənim üçün başlıcası budur ki, aranızda biganə insanlar olmasın.


Bügünkü dəstəyə görə hamınıza minnətdarlığımı bildirirəm və bu qədər müxtəlif, lakin yaradıcılığa eyni dərəcədə vurğun olan insanları birləşdirmiş bu layihəni yaradan Aidaya xüsusi təşəkkürümü bildirirəm. 


FOTO