004.JPG
22 noyabr 2011

Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin təsis qurultayı öz işinə başlayıb

Noyabrın 22-də Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayı öz işinə başlamışdır.


Beynəlxalq Muğam Mərkəzində keçirilən təsis qurultayında İƏT-in üzvü olan ölkələri təmsil edən gənc iş adamları birliklərindən, eləcə də bu təşkilatın üzvü olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla 150-dək nümayəndə iştirak edir.


Qurultayı açan DƏ-İKGF–nin baş katibi Elşad İsgəndərov iştirakçıları təbrik etmişdir. Qurultayın əhəmiyyətindən danışan baş katib vurğulamışdır ki, Gənc İş Adamları Şəbəkəsinin yaradılması çox əhəmiyyətli hadisədir. Şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onların arasında biznes sahəsində məlumat və təcrübə mübadiləsinin, qlobal səviyyədə innovativ ideyaların dəstəklənməsinin həyata keçirilməsinə imkan yaradacaqdır.


Leyla Əliyeva tədbirdə çıxış etdi.


DƏ-İKGF–nin baş katibi E.İsgəndərov təsis qurultayının keçirilməsinə göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etmişdir. Qeyd etmişdir ki, gənclərin beynəlxalq şəbəkələşmə prosesinə cəlb olunması, istedadlı gənclərin milli mədəniyyətimizin daha geniş coğrafiyada təbliğatçılarına çevrilmələri dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir.


Təsis qurultayında İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubu oxunmuşdur.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, “Ibrahim Associates” şirkətinin prezidenti İbrahim Əzim və Qətərin ölkəmizdəki səfiri Şeyx Mübarək Bin Fəhd Casim Al-Tani də Azərbaycan dövlətinin demokratik prinsiplərə əsaslanan beynəlxalq təşkilatlanma, müsəlman ölkələri ilə əməkdaşlıq və birgə fəaliyyət təşəbbüslərini alqışladıqlarını bildirmişlər.


Qurultayda videobağlantı vasitəsilə Avropanın müxtəlif iri şəhərlərində çalışan müsəlman gənc iş adamlarının təbrikləri çatdırılmışdır.


Digər çıxış edənlər də qurultayın proqramı, əsas müzakirə mövzuları, panellər və iqtisadi şaxələndirmədə gənclərin iştirakı barədə məlumatlar vermişlər.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsi ilə bağlı biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş bir qrup gəncə “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatı verilmişdir.


Qurultayın sonunda İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənc İş Adamları Şəbəkəsinin təsis edilməsi ilə əlaqədar rəmzi imzalanma mərasimi olmuşdur.


Sonra qurultay işini panel iclaslarda davam etmişdir.


Qurultay noyabrın 23-də başa çatacaqdır.



FOTO