12 iyul 2011

Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi

İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva, qızları – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

 

Leyla Əliyeva tədbirdə çıxış edib.

 

Leyla Əliyevanın çıxışı:

 

- Xanımlar və cənablar!

 

Əvvəlcə şəhərimizdə olmuş diplomatlar tərəfindən çəkilmiş müxtəlif fotoşəkillərdə Bakımızın əksini tapmış gözəlliyini seyr etmək və qiymətləndirmək məqsədilə təşrif buyurmuş şəxsləri yeni Müasir İncəsənət Muzeyində salamlamaq istəyirəm. Bu sərgi ölkəmizə səfər edən tanınmış diplomatların Azərbaycanı necə gördüyünü və anladığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan nəinki Qafqazın gözəl və böyük ölkəsidir, o, həmçinin gözəl təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin dəyərləri qovuşur.

 

Bugünkü sərgidə siz tarixi abidələri, dini ziyarətgahları, uzaq kəndləri, ölkəmizin təbii gözəlliyini, o cümlədən şəhərdə olan göydələnləri və olduqca maraqlı binaları seyr edəcəksiniz. Hesab edirəm ki, bu sərgi ölkəmizin gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz. Ola bilsin ki, sizin məlumatınız var, dünyadakı 11 iqlim qurşağından 9-nun ölkəmizdə olmasından Azərbaycan fərəhlənə bilər.

 

Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur. Fürsətdən istifadə edərək gənclərin qlobal ətraf mühit kampaniyasının başlandığını elan etmək istəyirəm. Bu, İdea, yəni “Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq” adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrindən minlərlə gənci səfərbər edəcəkdir. Eyni zamanda, 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə dair müxtəlif layihələr üzərində sıx işləyəcəkdir. Ölkə miqyaslı həmin layihələrdən biri “Ətrafıma yeni baxış” adlanan fotosərgidir.

 

Hörmətli dostlar, fərəh hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin 20 ili ərzində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlər və nəticələr əldə edib. Gördüyünüz kimi, qarşımızda bir çox layihələr, planlar və ideyalar vardır. Mən sərginin təşkilatçılarına və bütün iştirakçılara, o cümlədən qonaqlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, qonaqlardan bəziləri ölkəmizə ilk dəfədir ki, səfər edir. Ümidvaram ki, bu axşam sizin üçün maraqlı olacaqdır və Azərbaycana səfərinizdən razı qalacaqsınız. Çox sağ olun və hamınıza uğurlar arzulayıram.


Xəbərə keçid