5 aprel 2013

Bakıda "Ətraf Mühitin Mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının açılışı

Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) açılışı olub.


Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Leyla Əliyeva mərasimdə çıxış edib.

 

Leyla Əliyevanın çıxışı:


- Əziz dostlar.


Hörmətli qonaqlar.


Xanımlar və cənablar.


Sizi Azərbaycanda salamlamaqdan çox şadam!


Gərgin əməklərinə və dəyərli töhfələrinə görə “Ətraf mühitin mühafizəsi” Beynəlxalq Layihə Olimpiadasının təşkilatçılarına təşəkkür etmək istəyirəm.


Bu tədbirin Avropa, Asiya və yaxın Şərqin kəsişmə nöqtəsi kimi strateji bir məkanda, o cümlədən zəngin təbii ehtiyatlara malik nadir bir ölkədə keçirilməsi xüsusilə təqdirəlayiqdir.


Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə deyil, həm də Şərq müdrikliyini və Qərb inkişafını özündə birləşdirən zəngin tarixi və mədəniyyəti ilə tanınır.


Bu gün ölkəmiz bir sıra təşəbbüsləri həyata keçirməklə həm özünün ekoloji vəziyyətini yaxşılaşdırmış, həm də qonşu ölkələrə bu sahədə əlindən gələn köməyi əsirgəməmişdir.


Biz regionun lider ölkəsiyik və bizim ekoloji siyasətimiz birbaşa olaraq təbii ehtiyatların səmərəli istifadəsi, istehsalı və istehlakına yönəlmişdir. 


Əziz dostlar, qısa bir müddət bundan əvvəl biz yeni əsrə sosial pərakəndəlik, zorakılığın artması, tarazlığın pozulması və istismarın güclənməsi kimi ciddi problemlərlə qədəm qoyduq.


Qəbul etmək istəmədiyimiz həqiqət göstərir ki, çoxlarımız bizdən sonrakı nəsilləri deyil, yalnız özümüz barədə düşünürük. Bəzən elə hərəkət edirik ki, sanki təbiətin bir hissəsi deyilik. Təbiətdə məskunlaşdığımızı və onun bir parçası olduğumuzu fikirləşməkdənsə, biz təbiətin mərkəzində oturub onu idarə etdiyimizi düşünürük. Bu yanaşma ilə gələcəkdə qlobal faciələrin yaşanacağını demək o qədər də çətin deyildir.


Buna görə də bu gün gələcəklə bağlı mübarizəmiz məktəblərdə və ali təhsil müəssisələrində ekoloji təhsilin əsaslarına söykənməlidir. Ölkələrimizin gələcəyinin asılı olduğu gənclər indi daha savadlı, mədəni və peşəkardırlar. 


Xanımlar və cənablar, 11 iqlim qurşağından 9-nun mövcud olduğu Azərbaycan heyrətamiz təbiətə və zəngin bioçeşidliyə malik bir ölkədir. İnanırıq ki, indiki nəslin təbiəti gələcək nəsillər üçün qorumaq vaxtı gəlib çatmışdır.


Artıq iki ildir ki, biz İDEA (Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq) beynəlxalq ictimai maarifləndirmə kampaniyasını başlatmışıq. Bu kampaniya həm ətraf mühitin mühafizəsi, həm də gənclər siyasəti sahələrində bir sıra işlər həyata keçirmişdir. Kampaniyamızın devizi olan “Qlobal ətraf mühitin tarazlığını yaratmaq üçün gənclərin qüvvəsinin səfərbər edilməsi” bizə səylərimizi gənclərə yönəltməyə və onları ətraf mühitə olan münasibəti dəyişməkdə əsas vasitə kimi görməyə imkan verir.


Ötən il IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Resurs Mərkəzi açılmışdır. Bu mərkəz yaratmaq, qorumaq və maarifləndirmək istəyənlərin evinə çevrilmişdir. Biz İDEA Resurs Mərkəzinin innovasiya, rəhbərlik və fəal tədbirlər vasitəsilə yaratdığı fərqin şahidi olmuşuq. İlk dəfə olaraq IDEA Kampaniyası BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə ölkəmizin paytaxtında “Yaşıl həftə” təşkil etmişdir. 


Kampaniyamızın yarandığı ilk gündən biz “Böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü - ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini müəyyən etmişik.


Təkcə Azərbaycanda deyil, bütün dünyada gənclər arasında dialoq, maarifləndirmə, liderlik və əməkdaşlığı gücləndirmək üçün dünyanın müxtəlif yerlərindən olan ətraf mühitin gənc müdafiəçiləri ilə əməkdaşlıq qurmuşuq. Məsələn, IDEA kampaniyası Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bu da bizə Qafqaz bizonunu IDEA-nın nəsli tükənməkdə olan heyvanlar siyahısına əlavə etmək imkanı vermişdir. Hazırda Türkiyənin eyni adlı təşkilatı ilə belə bir sənəd imzalamaq üzərində iş aparılır.


Qeyd etmək istəyirəm ki, son 10 il ərzində ölkəmiz Qafqaz bəbirinin mühafizəsi istiqamətində xeyli iş görmüşdür. Regionun faunasının ən nadir növlərindən biri olan bu heyvan Azərbaycanın iki milli parkında görünmüşdür. Halbuki uzun illər onlar heç yerdə müşahidə edilməmişdir. Bu gün bu nadir və nəsli tükənməkdə olan bir heyvanın Azərbaycanda görünməsindən sonra bizim əsas vəzifəmiz bu və digər nadir canlıların müdafiəsini və təhlükəsiz yaşayışını təmin etməkdir.


Biz regionun, xüsusilə də Azərbaycanın ekoloji mühitinin qorunmasına yönələn maarifləndirmə layihələrində bir çox uğurlar qazanmışıq. Bizim “IDEA Yaşıl Azərbaycan Naminə” təhsil və təlim layihəsi ekoloji məsələlərdə maarifləndirməni artırmış və nəzəri və praktiki biliyi möhkəmləndirmişdir. Təlimatçılarımız Azərbaycanın 20-dən artıq şəhərində səkkiz min orta məktəb şagirdi arasında ətraf mühitə dost münasibətlə bağlı təlimlər keçmişdir. Fəxrlə deyə bilərəm ki, kampaniyamızın təşəbbüsü ilə növbəti tədris ilində ölkəmizin orta məktəblərində ətraf mühitlə bağlı dərslər kurrikuluma salınmışdır.


Bizim fəaliyyətimiz təkcə maarifləndirmə proqramları ilə məhdudlaşmır. Bu yaz bizim Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan tərəfdaşlarımız ölkələrinin paytaxtlarındakı parklarda quş yuvaları yerləşdirəcəklər. Bu layihə təbiətin qorunması və müdafiəsi naminə olan birliyi bir daha nümayiş etdirəcəkdir.


Əziz dostlar, biz hamıya aydın olan bir faktı – insanın hökmranlıq etdiyi bir planetdə yaşadığımızı qəbul etməliyik. Əhalinin sayının artması və təbii ehtiyatlardan istifadənin artımı Yer kürəsini geriyə dönməz bir şəkildə dəyişdirir. Kənd təsərrüfatı, balıqçılıq, sənaye, turizm və beynəlxalq ticarət vasitəsilə insanlar planetimizi təsəvvüredilməz bir şəkildə dəyişdirmişlər.


Təbii ehtiyatların dəyəri pul ilə ölçülə bildiyi halda, təmiz havanın, təbii landşaftın və pozulmamış ekoloji sistemin dəyəri heç bir pul vahidi ilə ölçülə bilməz. Onlar dəyərsizdirlər.


Mən gələcəklə bağlı ümidliyəm. Təbiət və onun mühafizəsi ilə bağlı biliklərə yiyələnən hazırkı nəsil gələcək nəsil üçün yarana biləcək təhlükələrin qarşısını almağa qadirdir.


Bu məsələdə hamımız əlimizdən gələni əsirgəməməliyik. Planetimizin təhlükəsizliyi, xoşbəxtliyi və gələcəyi Olimpiadada nümayiş etdirilən layihələrin icrasından asılıdır. Planetimizin bütün seqmentlərini - təmiz hava, içməli su, təhlükəsiz qida məhsulları və s. kimi subyektləri, bir sözlə övladlarımıza ötürəcəyimiz dünyanı müdafiə etmək üçün qüvvələrimizi birləşdirməliyik. 


Bütün iştirakçılara uğurlar arzu edirəm və onların gərgin fəaliyyətlərini dəstəklədiyimi bildirirəm.


Çox sağ olun.

 

Xəbərə keçid


Paylaş: