7 aprel 2013

Bakıda “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı

Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

 

Leyla Əliyeva mərasimdə çıxış edib.

 

Leyla Əliyevanın çıxışı:

 

- Hörmətli qonaqlar,

 

Xanımlar və cənablar,

 

Sizi Azərbaycanda, doğma şəhərim Bakıda salamlamaqdan qürur hissi duyuram. 


Dünya İqtisadi Forumunun təşkilatçılarına minnətdarlıq etmək istəyirəm. Onların səyləri ilə bugünkü tədbir yüksək səviyyədə təşkil olunmuşdur.

 

Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Bunun və digər amillərin sayəsində dünya məhz bizim regionda ilk neft bumlarından birinin şahidi olmuşdur.

 

Regionumuz siyasi təfəkkür və dövlətçilik ənənələri, incəsənətin, mədəniyyətin və elmin tərəqqisi ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir. Eyni zamanda, şairlərimizin və filosoflarımızın əsərləri bütün dünyada milyonlarla insanın qəlbini və zəkasını fəth etmişdir.

 

Coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır.

 

Əziz dostlar, elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır.

 

Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyildir. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır. Məhz belə siyasət müxtəlif region və mədəniyyətlərin maraqlarını müvafiq şəkildə nəzərə alıb milli iqtisadiyyatların inkişafını əlaqələndirə bilər.

 

Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur.

 

Bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır. 


Hörmətli həmkarlar, Azərbaycan on bir iqlim qurşağının doqquzunun mövcud olduğu, son dərəcə gözəl təbiətə və zəngin biomüxtəlifliyə malik bir ölkədir. Biz də bu sərvəti gələcək üçün qoruyub saxlamaq məqsədilə qarşımıza konkret vəzifələr qoymuşuq.

 

IDEA Beynəlxalq Kampaniyası təşəbbüsü ilə çıxış etməyimizdən artıq demək olar iki il keçmişdir. IDEA Kampaniyası yaradıldığı vaxtdan ətraf mühitin mühafizəsi, habelə gənclər siyasəti sahəsində müxtəlif mexanizmlərin sınaqdan keçirilməsi platformasına çevrilmişdir.

 

Biz ekologiya məsələlərində gənclərin maarifləndirilməsi və bilavasitə Azərbaycanın və bütövlükdə regionun ətraf mühitinin mühafizəsinə yönəldilmiş layihələrin icrası istiqamətində müəyyən uğurlara nail olmuşuq. IDEA Kampaniyası Rusiya WWF ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalamışdır və hazırda Türkiyə WWF ilə analoji sənəd üzərində işləyirik.

 

IDEA “Böyük Qafqaz beşliyini” – bəbir, canavar, ceyran, qartal və ayını müəyyən etmişdir. Rusiyalı həmkarlarımızla Qafqaz zubrunun qorunmasını da müzakirə edirik. Qeyd etmək istəyirəm ki, Azərbaycan Avropanın keçən il Qafqaz bəbiri qeydə alınmış yeganə ölkəsidir. İndi vəzifəmiz bu gözəl, lakin nadir və nəsli kəsilməkdə olan növü qorumaq və çoxaltmaqdır.

 

Qürur hissi ilə qeyd edə bilərəm ki, hazırda İDEA Bakıda və ölkənin bölgələrində ətraf mühit mövzusunda məşğələ və seminarlar keçirir.

 

Ötən il IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə Azərbaycan paytaxtında ilk dəfə “Yaşı həftə” təşkil etmişdir.

 

Biz “Yaşıl Azərbaycan” proqramını başa çatdırdıq. Bu proqram çərçivəsində ölkənin müxtəlif bölgələrindən 8 mindən çox məktəbli ətraf mühitin mühafizəsinə dair fakültativ məşğələlərdə iştirak etmişdir. Bundan əlavə, məhz IDEA Kampaniyasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından Azərbaycan məktəblərinin tədris proqramına daxil ediləcəkdir. 


Həmçinin, bu yaz Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan həmkarlarımızla birlikdə köçəri quşlar üçün yuvalar quracağıq.

 

Lakin biz təkcə təhsil proqramları ilə kifayətlənmirik. Biz fəaliyyətimizin miqyasını genişləndirmək üçün müxtəlif yolların axtarışındayıq. Məsələn, hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir.

 

Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir.

 

Əziz dostlar. Bəşər cəmiyyətinin inkişaf tarixi insanın müxtəlif üsullarla təbiətə təsirinin miqyasının və onun istismarının gücləndirilməsinin genişləndirilməsi tarixidir.

 

İnsanın təbiətə münasibətdə fəaliyyətinin nəticələrinə görə onun mənəviyyatı, mədəni səviyyəsi, habelə gələcək nəsillər qarşısında sosial məsuliyyəti barədə mühakimə yürütmək olar.

 

İdeya və planlarımızı sizə çatdırmaq imkanının verilməsinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən gələcəyə nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə bəşəriyyətin ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü qoruyub saxlamaq imkanı verəcəkdir.

 

Sizi bir daha Vətənimdə salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin nadir tarixi irsə malik əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanınız olacaqdır.

 

Lakin mən əminəm ki, daha bir amil sizdə unudulmaz təəssürat oyadacaqdır. Bu, mədəniyyətimizin parlaq cəhətlərindən biri olan qonaqpərvərliyimizdir.

 

Hörmətli qonaqlar, bizi sizi Azərbaycanda təkrar-təkrar salamlamağa şadıq, çünki qədim inanca görə “Qonaqsız evin bərəkəti olmaz”.

 

Diqqətinizə görə minnətdaram.


Xəbərə keçid


Paylaş: