7 oktyabr 2004

Mehriban Əliyeva Dünya İrs siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası abidələri ilə bağlı “dəyirmi masa”da iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 7-də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Dünya İrs siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası abidələri ilə bağlı "dəyirmi masa"da iştirak etmək üçün Bakıya gəlmiş missiyanı qəbul etmişdir. Missiyanın tərkibinə YUNESKO-nun Dünya İrs Komitəsinin mütəxəssisi xanım Fumiko Ohinata, İCCROM-un nümayəndəsi, Litvanın paytaxtı Vilnüs şəhərinin tarixi qoruq hissəsinin direktoru Gediminas Rutkauskas və İCOMOS-un nümayəndəsi, Macarıstan milli İCOMOS təşkilatının sədri Gergeli Nagi daxildirlər.


Söhbət zamanı İçərişəhər tarixi-memarlıq qoruğunda yaranmış vəziyyət haqqında ətraflı fikir mübadiləsi aparılmış, mövcud problemlərin həlli ilə bağlı rəy və təkliflər dinlənilmişdir. YUNESKO ekspertləri İçərişəhərin xüsusi təhlükədə olan Dünya İrs abidələri siyahısından çıxarılması haqqında öz mülahizələrini bildirmiş, bunun üçün Bakıda keçirilən "dəyirmi masa" zamanı yolların araşdırılacağını və yekun nəticələr haqqında Azərbaycan hökumətinə məlumat verəcəklərini vurğulamışlar.


Görüşdə Dünya İrs abidələri siyahısına daxil ediləcək Qobustan tarix-bədii qoruğu və Atəşgah haqqında da söhbət getmişdir.


Mehriban xanım Əliyeva Azərbaycanda Dünya İrs abidələri ilə əlaqədar yaranmış problemlərin həll olunması üçün ölkəmizin qanunlarına uyğun tədbirlərin görüləcəyini və İçərişəhərin xüsusi təhlükədə olan abidələr siyahısından çıxarılaraq, Dünya İrs abidələri siyahısına daxil edilməsinə kömək göstərəcəyini bildirmişdir.