0_edit.jpg
3 mart 2005

Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koiçiro Matsuura ilə görüşüb

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanı qəbul etmişdir.

 

Görüş zamanı Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını baş direktora çatdırmışdır. Son dövrdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdiyini vurğulayan xoşməramlı səfir Azərbaycan musiqisinə, xüsusilə muğama göstərilən qayğını, onun mədəni irs siyahısına daxil edilməsini, YUNESKO-nun bu sahədə məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirmişdir.

 

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi fondların gördüyü işlər, maddi-mədəni irsin, o cümlədən muğamların qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələr barədə məlumat vermiş, eyni zamanda bu və digər məsələlərdə YUNESKO-nun dəstəyinə, yardımına ehtiyac duyulduğunu söyləmişdir. Mehriban xanım YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının ümumi fəaliyyət proqramına təsirini də vurğulamışdır.

 

Cənab Koiçiro Matsuura xoşməramlı səfirlərin illik iclasında iştirakına görə Mehriban xanım Əliyevaya təşəkkür etmişdir. Ötən ilin sentyabrında YUNESKO-da keçirilmiş tədbirdə Prezident İlham Əliyevin iştirakından böyük məmnunluq duyduğunu söyləyən Koiçiro Matsuura dövlətimizin başçısının onu Azərbaycana səfərə dəvət etdiyini xatırlatmış və bu il həmin səfərin baş tutacağına əmin olduğunu bildirmişdir.

 

Baş direktor YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində mövcud əlaqələrin inkişafından razı qaldığını xüsusi vurğulamışdır. K.Matsuura Azərbaycan Prezidentinin maddi-mədəni irsin qorunması sahəsindəki tədbirlərini yüksək qiymətləndirmiş, Azərbaycanı zəngin tarixi abidələrə, mədəniyyətə, o cümlədən musiqiyə malik bir ölkə kimi səciyyələndirmişdir.

 

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova görüşdə iştirak etmişdir. 


FOTO