05_mehriban_aliyeva_sergi_roma_.jpg
5 mart 2013

Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb

Martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.


Əvvəlcə Mehriban Əliyeva ilə muzeyin prezidenti Covanna Melandri arasında görüş oldu. Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edildi, bu sərginin Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulandı. Bundan əlavə, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Mehriban Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanış oldu.


Sonra sərginin rəsmi açılışı oldu. MAXXİ Milli Müasir İncəsənət Muzeyinin prezidenti Mehriban Əliyevanın tədbirdə iştirakından məmnunluğunu qeyd etdi, sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.


Leyla Əliyeva mərasimdə çıxış etdi.


“Bakıya uçuş” sərgisinin bu dəfə dünya memarlığının şah əsəri Romada açıldığını qeyd edən Leyla Əliyeva müsəlman Şərqində ilk dəfə - 1918-ci ildə qadınlara səsvermə hüququnun Azərbaycanda verildiyini, müsəlman qızları üçün ilk dünyəvi məktəbin Bakıda açıldığını, Şərqdə ilk opera və baletin də Azərbaycanda səhnələşdirildiyini xatırlatdı. “İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir” - deyən Leyla Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını da diqqətə çatdırdı. O, “Bakıya uçus” sərgisinin əhəmiyyətindən də danışdı: ““Bakıya uçuş” sərgisi mənim üçün çox mühüm və doğmadır. İncəsənət həmişə həyatımın mühüm bir hissəsi olmuşdur. Çox şadam ki, bu sərgi dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat verə bilər. Digər binaya keçəndə siz 21 rəssamın əl işlərini görəcəksiniz. Bunların bəziləri artıq özlərini təsdiq etmiş, digərləri isə hələ gənc və perspektivli rəssamlardır. Burada yüzdən artıq əsər təqdim olunur. Bunların arasında videolar, installasiyalar, fotoşəkillər, performanslar və heykəllər də vardır. Sərgi başlayandan biz Avropanın bir çox şəhərində – London, Paris, Berlin, Moskvada olmuşuq. Qarşıda bizi hələ daha çox gözəl şəhərlər gözləyir. Lakin səmimi deməliyəm ki, Romada olmaq xüsusi hisslər yaradır”.


Sərginin kuratoru Erve Mikaelof burada təqdim edilən əsərlərin orijinallığından danışdı. Azərbaycanda çoxlu istedadlı gənclərin olduğunu vurğulayan Erve Mikaelof bu gənclərin istedadının sərgi vasitəsilə bütün dünyaya təqdim edildiyini bildirdi.


Daha sonra “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq oldu. Sərgidə Altay Sadıxzadənin, Aida Mahmudovanın, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri nümayiş etdirilir. Bu əsərlərdə incəsənətin dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə olunur.


Sərgi martın 26-dək davam edəcək.


Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə edilir.


Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.


FOTO

VİDEO

Paylaş: