загруженное.jpg
14 mart 2013

Mehriban Əliyeva Pirşağı qəsəbəsində yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

 

Məktəblə tanışlıq zamanı bildirildi ki, 1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmamışdı. Bir müddət əvvəl qəzalı vəziyyətə düşən məktəbdəki şərait tədris prosesində çox ciddi problemlər yaratmışdı. Heydər Əliyev Fondu məktəbin əsas tədris korpusunun inşası ilə bağlı təşəbbüs qaldırmışdı. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilib. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 3800 kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaq. Məktəbdə müxtəlif fənn kabinetləri var. Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulub. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılıb. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılıb və zəruri texniki avadanlıqla təchiz olunub. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir.

 

Məktəbdə 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanmılıb. Bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunub, biologiya, fizika və kimya laboratoriyaları yaradılıb.

 

Şagirdlərin çoxluğunu nəzərə alan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə bu təhsil ocağı üçün 240 yerlik yardımçı bina da tikilmişdi. Təbii ki, bu, mövcud tələbatı qismən ödəməyə imkan verirdi. İndi isə əsas korpus üçün yeni binanın inşası ilə bütün problemlər aradan qaldırıldı.

 

Diqqətə çatdırıldı ki, məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılıb, 3200 kvadratmetr sahədə abadlıq işləri görülüb.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşdü, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik etdi.

 

Mehriban Əliyeva bildirdi ki, dövlətin həyata keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu ölkədə görülən işlərə hər zaman kömək göstərməyə hazırdır. Mehriban Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik etdi.


Məktəbin müəllimi Qafar Bağırov görülən işlərə görə qəsəbə sakinləri adından Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirdi.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO