004.gif
6 iyun 2013

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yenidən qurulmuş İmam Rza məscidinin açılışında iştirak edib

İyunun 6-da Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.


Məsciddə yenidənqurma işlərinə Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin sentyabrında başlanılmışdı. İşlər bu ilin mayında başa çatdırılıb.


Mehriban Əliyeva İmam Rza məscidində yaradılmış şəraitlə tanış oldu.


Məlumat verildi ki, məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin ümumi sahəsi 1800 kvadratmetrdir. Məscidin hasarı tamamilə sökülərək yenidən tikilib, darvaza və metal barmaqlıqlar dəyişdirilib. Məscidin əsas binasının bünövrəsində bərkitmə-gücləndirmə və izolə işləri aparılıb. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılıb. Qapı və pəncərələr dəyişdirilib, divar və tavanda bəzək-tərtibat işləri aparılıb.


Məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkündür. Burada istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb. Məscidə gələn qadınlar isə ikinci mərtəbədə ayrılmış yerdə ibadət edə biləcəklər.


Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə etdi.


Mehriban Əliyeva məscidin mərasim zalı ilə də tanış oldu.


Sonra birinci xanım Binə qəsəbəsinin sakinləri ilə görüşərək söhbət etdi:


- Mən çox şadam ki, belə nəcib iş Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, Fond fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə, dini abidələrin qorunub saxlanılmasına, milli ənənələrimizə, dəyərlərimizə hörmətlə yanaşmaq fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Ona görə bu gün belə bir xoş gündə mən sizin hamınızı təbrik edirəm və sizi görməyə çox şadam.


X X X

 

Məscidin axundu hacı Həsən qəsəbədə görülən işlərə və məsciddə aparılan əsaslı yenidənqurmaya görə Binə sakinləri adından Mehriban Əliyevaya minnətdarlığını bildirdi.


Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Binədə görülən işlərdən də danışdı, bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.


FOTO

VİDEO