27 aprel 2016

Bakı Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva plenar iclasda çıxış edib. Bu əhəmiyyətli Foruma ev sahibliyi etməyin Azərbaycan üçün şərəf olduğu bildirilib, tədbirin konstruktiv dialoqun inkişafına və sivilizasiyaların zənginləşməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

 

İclasın mövzusunun böyük ictimai əhəmiyyətə malik olduğunu deyən Mehriban Əliyeva bu gün dünyanı narahat edən miqrasiya dalğası, urbanizasiya, iqlim dəyişikliyi, bəzi ölkələrdə gənclər arasında işsizliyin artması kimi məsələlərə toxunub, bu problemlərin həllində ölkəmizin təcrübəsindən danışıb:

 

- Qədim diyar olmaqla yanaşı, Azərbaycan, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının ən gənc üzvlərindən biridir. XX əsrin əvvəlində əldən verilmiş müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan 1992-ci il martın 2-də BMT-nin tamhüquqlu üzvü olub. Biz 25 illik dövlət quruculuğu yolunu qət etmişik. Bu gün Azərbaycanda gördüklərinizin əksəriyyətinə bu müddətdə nail olunub. Bu gün mən iqtisadi və statistik göstəricilərə istinad etməyəcəyəm. Biz açıq ölkəyik və bizim iqtisadi, sosial nailiyyətlərimiz hamıya məlumdur. Əlbəttə ki, biz belə bir sürətli tərəqqi ilə çox qürur duyuruq. Biz iqtisadiyyatın əhəmiyyətli şəkildə transformasiyasına nail ola və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bildik. Biz ictimai həyatın bütün səviyyələrində səmərəli idarəetmə sistemini qura bildik. Elm, mədəniyyət və təhsil sahələrində islahatlar həyata keçirilmişdir. Biz xalqımızın zəngin insan potensialına arxalanaraq bütün bu işləri görməyi bacardıq.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılıb və torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi, 900 qəsəbənin, 150 min evin, 693 məktəbin, 975 uşaq bağçasının, 695 xəstəxananın məhv edildiyi, 40 mindən çox nadir muzey eksponatının və materiallarının, 927 kitabxanadan 4,6 milyon kitabın və əlyazmaların qarət edildiyi qeyd olunub. Mehriban Əliyeva bu dəhşətli günlərdə bizim yanımızda olan BMT-nin bütün təşkilatlarına təşəkkürünü bildirib. Mehriban Əliyeva qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanlar üçün dövlətin yaratdığı şəraitdən danışıb:

 

- Biz ən vacib dəyərimizi - millətimizin insan kapitalını qoruya bildik. Hətta qaçqın və məcburi köçkün düşərgələrində ictimai məktəblər, o cümlədən musiqi məktəbləri fəaliyyət göstərməkdə davam edirdi. Humanitar yardımla məşğul olan bütün dövlət qurumları fasiləsiz işləyirdi. Uşaqlar məktəbə gedirdi, müəllimlər dərs deyirdi, həkimlər xəstələri müalicə edirdi. Bu gündəlik işlər bizlərə sabah üçün ümid hissini aşılayırdı. Bu, hər şeyini itirən insanların sosial uyğunlaşmasının ən etibarlı və səmərəli sosial adaptasiya metodu idi.

 

Növbəti illərdə hökumət bu insanların həyatının normallaşdırılması üçün mümkün olanı etdi və etməkdə davam edir. Biz bütün çadır düşərgələrinın ləğv olunmasına və onların əvəzinə qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələrin salınmasına nail olduq. Bu insanlar iş və sosial müavinətlərlə təmin olunur. Gənc nəsil müasir təhsildən bəhrələnmək imkanı əldə etdi. Tibbi dildə danışsaq bütün bu səylər yalnız palliativ müalicə idi. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən insan öz şəxsi kimliyini itirir. Siz onlar üçün ideal yaşayış şəraiti yarada bilərsiniz, lakin onların doğma torpaq və ev üçün olan həsrətini heç kim əvəzləyə bilməz. Yaşlılar doğma torpaqda son mənzilə yola salınmağı arzu edir, gənclər dədə-babalarının torpaqlarına qayıtmaq istəyirlər. İnanıram ki, hər birimiz bu insan iztirablarını başa düşə və razılaşa bilərik ki, bu problemin birdəfəlik həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, insanların evlərinə qayıtması vacibdir. Hansı sosial uyğunlaşmadan danışsaq da biz açıq-aydın başa düşməliyik ki, qarabağlı, suriyalı, iraqlı və əfqan qaçqın və məcburi köçkünləri özlərində təkcə fiziki itkini və çətinlikləri daşımırlar. Psixoloji zərbələrdən və mənəvi iztirablardan qurtulmaq çoxlu vaxt və səy tələb edir. Mövcud münaqişələrin nəhayət, sona çatması üçün biz səylərimizi birləşdirməliyik ki, dünyada yeni münaqişə episentrləri üzə çıxmasın, qaçqın və məcburi köçkünlərin sayı artmasın. Hər kəs ən azından digər şəxsin ağrısına, faciəsinə və itkisinə acıya bilər. İnsan iztirablarına son qoymaq üçün mərhəmət real alətə çevrilməlidir.

 

Heydər Əliyev Fondunun layihələrindən də danışılıb, bu layihələrin müxtəlif sahələri əhatə etdiyi bildirilib. Qeyd edilib ki, Fond hökumət təşkilatları, QHT-lər və işgüzar dairələr arasında yaxşı əməkdaşlıq modeli qurub. Yüzlərlə məktəb tikilib, təmir olunub. Fond valideyn himayəsindən məhrum və fiziki imkanları məhdud olan uşaqları hərtərəfli diqqət mərkəzində saxlayıb. Bundan əlavə, Fond əlilliyi olan insanlara xüsusi qayğı göstərib və bu təcrübə Bosniya və Herseqovina, Macarıstan və digər ölkələrdə də uğurla reallaşıb. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçellinio və Pyotr katakombaları bərpa edilib. Fransanın müxtəlif regionlarında bir neçə qədim kilsə bərpa olunub. Mehriban Əliyeva bunun ölkəmizin tolerant dəyərlərə bağlılığından irəli gəldiyi qeyd edib:

 

- Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib. Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Məsələn, Quba rayonunda dünyada dağ yəhudilərinin yığcam yaşadığı yeganə Qırmızı qəsəbə var. Əhalinin bütün seqmentlərinə qarşı yüksək səviyyəli sosial tolerantlıq inkişaf etmiş cəmiyyətin göstəricisidir. Hesab edirəm, ən vacib nailiyyətlərimizdən biri bu gün Azərbaycan cəmiyyətində həmin səviyyədə sosial tolerantlığın mövcud olmasıdır.

 

Bildirilib ki, Azərbaycan gələcəyə nikbinliklə baxır, çünki ölkəmizdə insan potensialına inanırlar. Çıxışına məşhur Albert Eynşteynin “Hər bir fərdin həyatı hər bir canlının həyatını daha da şərəfli və daha da gözəl etmək üçün bir o qədər kömək etdikdə mənalı olur. Həyat müqəddəsdir, yəni, o, bütün digər dəyərlərin ona tabe olduğu ən yüksək dəyərdir” sitatı ilə yekun vuran Mehriban Əliyeva bir daha Forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirib.

 

Xəbərə keçid