01_PREZIDENT-SAFAR-SALYAN-USHAQ TEXNIKI YARADICHILIQ MARKAZI.JPG
13 mart 2012

Prezident İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.


Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılmışdır. Bütün lazımi infrastrukturun yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmişdir.


Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, həmçinin ümummilli liderin və dövlətimizin başçısının Salyan rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır.


Prezident İlham Əliyev mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı, sərgi salonunda uşaqların əl işləri ilə tanış oldu.


Qeyd edildi ki, birinci mərtəbədə kitabxana, emalatxana və xidməti otaqlar vardır. Burada iki otaq rayon uşaq kitabxanası üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların müxtəlif müsabiqələrdə qazandıqları diplomlar nümayiş etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri də uşaqların intellektual inkişafı üçün nəzərdə tutulmuşdur. Ümumilikdə Mərkəzdə 1772 uşaq 10 dərnəkdə məşğul olacaqdır. Mərkəz müasir avadanlıqla təchiz edilmişdir.


Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.



FOTO

VİDEO